Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Gənc İstedadlar Proqramı” çərçivəsində iştirakçılar üçün “yumşaq bacarıqlar”ın inkişaf etdirilməsi istiqamətində müxtəlif mövzularda interaktiv təlimlərə başlanılıb.
"Report" bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, proqram çərçivəsində peşəkar mütəxəssislər “Vaxtın idarə olunması”, “Emosional zəka”, “Konfliktlərin idarə olunması”, “Effektiv komanda işi”, “Dəyişikliklərin idarə edilməsi” və digər mövzularda interaktiv təlimlər keçirib. Bu təlimlər proqram müddətində qazanılan texniki biliklərə əlavə olaraq, iştirakçıların davranış səriştəliklərinin, o cümlədən fərdi və peşəkar inkişafını hədəfləyir.
Təlimlər zamanı iştirakçılar müxtəlif növ simulyasiyalar, qrup fəaliyyəti vasitəsilə interaktiv öyrənmə mühitində yeni bacarıqlar əldə edir, təcrübələrini daha da zənginləşdirir, əməkdaşlıq, liderlik, qərarvermə bacarıqlarını inkişaf etdirmək şansı əldə edirlər.
Bütün bunlar iştirakçıların korporativ mədəniyyətə inteqrasiyasını sürətləndirməyə xidmət edir.