Son vaxtlar qəfil ölüm hallarının artması insanlar arasında ciddi narahatlığa səbəb olur.
Yay mövsümünün çox isti keçməsi bu halların səbəblərindən biri kimi göstərilir. Lakin təkcə isti hava yox, stress, düzgün qidalanmama, gizli xəstəliklər və həkimə vaxtında getməmək də belə ölümlərə səbəb ola bilər.
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında farmokoloq Aydın Əliyev bildirib ki, qəfil ölümlərin səbəbi təkcə isti hava deyil, həm də zəif immunitet və sağlam olmayan yaşam tərzidir:
“Son vaxtlar qəfil ölümlərin artmasına təkcə isti havalarla əlaqədar deyil, günün istisi də belə hallarda bir vasitədir. İnsan bədənində patologiyalar, normal fizioloji proseslər getmir, nəticədə günün istisi və digər hadisələr də patologiyaların üzə çıxmasına səbəb olur. Mən hər zaman bildirirəm ki, hava, su təmiz olmalıdır. Həmçinin, yediyimiz qidalar yerli məhsullar olmalıdır”.
Onun fikrincə, insan yaşadığı yerə uyğun olmalıdır:
“Bu, bir növ bir bitkinin hər yerdə bitməməsinə bənzəyir. Ona görə də biz öz ölkəmizin yerli qidalarından istifadə etməliyik. İnsanlardakı gərginliklər daha tez bədəndəki fizioloji gücün, immun sisteminin zəifləməsinə səbəb olur. Bundan əlavə siqaret, içki, narkotik maddələr, telefon aslılığı insanlarda basqı yaradır. Bu basqıya da hər adam dözə bilmir”.