AZ

"Dil bir millətin kimliyidir və onu yaşatmaq xalqın gələcəyə daşınması deməkdir" - FƏLSƏFƏ DOKTORU DANIŞDI

"Ümumiyyətlə, dil hər bir dövlətin özünün milli kimliyidir, varlığıdır. Dil – hər bir millətin varlığının nə qədər yaşanması deməkdir. Dili nə qədər yaşadırıqsa, dildən nə qədər istifadə ediriksə, təbii ki, bu, doğma ana dilidir. İstənilən xalq və istənilən millət doğma ana dilində nə qədər danışacaqsa və onu yaşadacaqsa, demək olar ki, o xalq xalq olaraq, millət olaraq gələcəyə daşınacaqdır. Öz dili olmayan bir xalq demək olar ki, xalq kimi formalaşa bilməz". Bu sözləri SİA-ya açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova deyib.

Onun sözlərinə görə, 1 avqust Azərbaycanda Ana Dili Günü kimi qeyd olunur. 2001-ci ildən Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə bu günün qeyd olunması və doğma ana dilinin dövlət dili kimi qorunması, inkişaf etdirilməsi, hətta təbliğ məqsədi daşıması üçün sərəncam imzalanmışdır. Ana dilinin əhəmiyyəti onun zənginliyi və gözəlliyi ilə ölçülür. Gənc nəslin ana dilinə sevgisi və hörmətinin gücləndirilməsi, orta yaş nəslinin dilə olan sayğısı və qayğısı ilə bağlıdır. Azərbaycan Respublikasında rəsmi dövlət dili olduğu üçün bütün müəssisələrdə yazışmalar, protokollar, sənədləşmələr doğma ana dilində aparılır. Bu dilin zənginliyi və qorunması birbaşa dövlətin nəzarəti altındadır və dövlət tərəfindən ona qayğı göstərilir.

Dilimizin düzgün istifadə olunması, onun təbliği üçün diqqət yetirilməli vacib məsələlərdən biri də dilin saflığının qorunmasıdır. Ana dilimizin gözəlliyi, onun poetik gücü və tarixi, dilin istifadə qaydalarının gələcək nəsillərə ötürülməsi sənət vasitəsilə də təmin olunmalıdır: "Bəs bu gün doğma ana dilimizi qoruya bilirikmi? Bu, həm vacib, həm də düşündürücü bir sualdır. Qısa cavab budur ki, tam şəkildə qoruya bilməmişik. Bəli, müəyyən qədər qorumuşuq, ancaq bu, yetərli deyil. Çünki dilimizdə ərəb-fars mənşəli sözlər kifayət qədərdir. Son dövrlərdə isə dilimizə yad sözlərin təsiri artır. Bu təsirlər həm elmi cəhətdən, həm də insanların gündəlik şifahi danışığında özünü göstərir. Alimlərimizin aşırı dərəcədə dilimizə yeni terminlərin gətirilməsində rolları böyükdür və həm də bu terminlərdən istifadə etməklə nitqlərində, elmi mətnlərində də istifadə edirlər və düşünürlər ki, bu, savadlı olmasından irəli gəlir. Yəni, fikirləşirlər ki, nə qədər terminlə çox istifadə edəcəksə, bir o qədər bizim savadlı olub, beynəlxalq səviyyədə tanınmağımıza şamil olunacaq. Amma bu, bir mənalı olaraq hər bir natiqin özünün nitqindəki, öz doğma ana dilindəki xələlini qoruyub, saxlayıb, sadə və arxaik sözlərdən nə qədər istifadə olunarsa, sadə və səmimi danışıqları, aydın, hər kəsin başa düşəcəyi dərəcədə, məntiqli izahlarla onların nitqləri və elmi yazıları da nə qədər yazılacaqsa, bir o qədər də həmin natiqin nitqi həm dinləyici tərəfindən dinləniləcək, həm də uzun müddətli yadda qalacaq".

İlhamə Qəsəbova sözlərinə davam edərək bildirib ki, hətta texnologiyaların və sosial medianın sürətli inkişafı nəticəsində bizim dilimizə təsir göstərən sözlərin artmasıdır. Çünki ingilis dilindən, rus dilindən alınma sözlər var və bu sözlər bu gün geniş istifadə olunur: "Texnologiyalarda, demək olar ki, dilimizə gələn elə sözlər var ki, bunları cəmiyyətdə də, auditoriyalarda, tələbələr arasında da, hətta elmi camiədə də eşitmək mümkündür. Biz “like etmək”, məsələn, “koment yazmaq”, “post paylaşmaq”, “update etmək”, “tag etmək”, “okey vermək” kimi sözləri hər zaman sosial mühitdə görürük və bunları gördükcə də düşünürsən ki, gündəlik danışıq dilimizə bu ifadələr artıq keçib. İnsanlar çox zaman Azərbaycan dilində qarşılığı olan sözlər əvəzinə yad sözlərdən istifadə edəndə, dilin orijinallığını demək olar ki, getdikcə zəiflətdiklərinin fərqinə varmırlar və düşünmürlər ki, bu sözləri istifadə etməklə dilin saflığı sıradan çıxır və zəifləyir.

Təbii ki, burada dil qurumlarının böyük rolu var və bu, eyni zamanda böyük bir məsuliyyətdir. Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi qurumları tərəfindən Azərbaycan dilinin qorunması üçün müəyyən işlər də görülür, bu danılmaz faktdır. Terminlərin azərbaycanlaşdırılması, lüğətlərin yenilənməsi və s. – bütün bunlar dilin qorunması və gələcəyə daşınması üçün atılan addımlardır. Amma etiraf edək ki, bu təşəbbüslər bəzən müasir dövrə uyğun olmur. Onu da bildirmək lazımdır ki, gənc nəsil çox vaxt bu təşəbbüsləri qəbul etmir və onların qəbul etməməsi də işi bir qədər çətinləşdirir. Çünki gənclər eşitdikləri, duyduqları sosial mühitdən, texnologiyadan və ətrafdakı sözlərdən daha çox istifadə etmək istəyirlər, nəinki dilin qorunmasına məsuliyyətlə yanaşan təşəbbüslərə dəstək vermək.

Əslində, dil ailədə daha çox qorunub saxlanır, mənə görə. Yəni, mən belə başa düşürəm ki, dil birinci ailədən, sosial mühitdən gəlir, ailə mühitindən formalaşır. Bir uşaq dünyaya göz açanda, atasından, anasından eşitdiyi ilk sözlər, onların Azərbaycan dilində danışdıqları ifadələr, evdə istifadə olunan sözlər onun ilkin dil bazasını formalaşdırır. Daha sonra uşaq cəmiyyətə addım atdıqda, sosial mühitdə eşitdiyi sözlər də onun dil balansına əlavə olunur. Burada təhsil sahəsinin də çox böyük rolu var. Təhsil sahəsində, bilirsiniz ki, ali məktəblərdə “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənni tədris olunur. Bu fənnin tədrisi tələbələrə imkan yaradır ki, onlar həm kamil nitqdə danışa bilsinlər, həm də gələcək karyeralarının qurulmasında rəsmi dövlət dilindən düzgün istifadə qaydalarını öyrənsinlər. Bundan əlavə, tələbələr bu fənn vasitəsilə kamil nitq qabiliyyəti əldə edərək dilimizin qorunmasına və inkişafına da töhfə verə bilirlər. Bu fənn, sözsüz ki, dilin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.Amma bəzi hallarda ailələrdən gələn uşaqlar rus dilində və ya başqa dillərdə danışmağa daha çox üstünlük verirlər. Bu isə bir mənalı olaraq ali məktəblərdə də göz qabağında olan bir məsələdir".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
10
sia.az

1Mənbələr