ABŞ Maliyyə Nazirliyi İranla əlaqəsi olan 115-dən çox şəxs, qurum və gəmilərə qarşı yeni sanksiyalar elan edib.
Ölkə.az xəbər verir ki, Ağ Evin bu qərarı ali lider Ayətullah Əli Xamneyinin baş müşaviri Əli Şəmxaninin oğlu Məhəmməd Hüseyn Şamxaninin gəmiçilik fəaliyyətini hədəf alan sanksiyalar 2018-ci ildən bəri İrana qarşı tətbiq edilən ən əhəmiyyətli sanksiyalar paketi hesab olunur.
ABŞ Maliyyə Nazirliyinin Məhəməd Hüseyn Şamxaninin neft tankerləri, yük gəmiləri və İranın xam neft ixracatının əhəmiyyətli bir hissəsinə nəzarət edən şirkətlər şəbəkəsini hədəf alan sanksiyalarla bağlı açıqlamasında deyilir ki, bu şəbəkə neft və neft məhsulları, eləcə də digər yükləri İran və Rusiyadan alıcılara daşımaqla on milyardlarla dollar gəlir gətirir.
"Şamxani ailəsinin dəniz imperiyası İran rejimi elitalarının böyük sərvət toplamaq və rejimin təhlükəli fəaliyyətlərini maliyyələşdirmək üçün öz mövqelərindən necə istifadə etdiyini ifşa edir", - maliyyə naziri Skot Bessent deyib.
O əlavə edib ki, bu gün elan edilən 115-dən çox sanksiya Tramp administrasiyasının İrana qarşı maksimum təzyiq siyasətini başlatmasından bəri atılan ən böyük addımdır.
Sanksiyalar eyni zamanda İranın böyük bir hissəsi Çinə gedən qeyri-qanuni neft qaçaqmalçılığının qarşısını almağı hədəfləyir.
Prezident Donald Tramp yanvar ayında vəzifəyə gəldikdən bəri ABŞ İran və İranla əlaqəli 500-dən çox fiziki, hüquqi şəxs və gəmiyə qarşı sanksiyalar tətbiq edib. Fevralın 4-də Tramp İrana iqtisadi təzyiqi artırmaq və neft ixracını sıfıra endirmək məqsədi daşıyan sərəncam imzalayıb.
Mürtəza