Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığını şərh edib.
“Ümid edirik ki, Azərbaycan və Ermənistan NATO ilə əməkdaşlığın dərinləşməsi halında vəziyyətin pisləşməsi risklərini dərk edəcəklər,” – Zaxarova deyib.
Bu kimi bəyanatlar mənasızdır, xüsusilə də Bakıya qarşı. Ümumiyyətlə, Azərbaycan da, Ermənistan da NATO üzvü deyil və yaxın perspektivdə belə bir məsələ real görünmür. Azərbaycan belə bir şey istəmir, Ermənistan isə istəsə də, buna nail ola bilməz. Lakin hər iki ölkənin NATO ilə əməkdaşlıq etdiyi proqramlar mövcuddur. Məsələn, “Sülh Naminə Tərəfdaşlıq” proqramı buna ən gözəl nümunədir. Bu əməkdaşlıq hərbi texniki, təlim və təhlükəsizlik sahələrində təcrübə paylaşımı səviyyəsindədir.
Azərbaycanın alyansla əməkdaşlığı müasir ordu quruculuğu və təhlükəsizlik strukturlarının gücləndirilməsi məqsədi daşıyır. Bu əməkdaşlıq heç vaxt Rusiyanın əleyhinə olmayıb. Digər tərəfdən, Azərbaycan KTMT üzvü deyil. Halbuki Ermənistan NATO ilə əməkdaşlıq edən KTMT üzvü bir ölkədir.
Azərbaycan müstəqil, suveren ölkədir. Xarici siyasi kursunu yüksək dəqiqlik, peşəkarlıq və gələcək perspektivə hesablanmış, minimum risk əsaslı şəkildə tərtib edir. Bakı yerləşdiyi regionun strateji üstünlüklərini də, risklərini də yaxşı bilir. İstər xəbərdarlıq, istərsə də üstüörtülü təhdid Azərbaycan üçün qəbuledilməzdir. Bakı heç bir ölkənin diqtəsi ilə hərəkət etmir.
Rusiya, ümumiyyətlə, bu ritorikasından əl çəkib qonşuları ilə problemlərin həll yolunu axtarmalıdır. Əks təqdirdə, qorxduğu başına gələ bilər. Bu gün Azərbaycanın NATO-ya üzvlük kimi bir strateji hədəfi olmasa da, Rusiya ilə gərginliyin artması və risklərin çoxalması Bakını belə bir addım atmağa da sövq edə bilər. Moskva onu da bilməlidir ki, NATO-ya üzv olmaq istəyən bir ölkəni bu yoldan döndərmək mümkün deyil. Məsələn, İsveç və Finlandiya bunu etdi. Rusiya isə boş hədələrlə kifayətləndi.
Rusiya SSRİ-nin izlədiyi yanlış xətti davam etdirir. Hansı ki, bu siyasət 1952-ci ildə Türkiyə və Yunanıstanın NATO-ya üzvlüyünə gətirib çıxartdı. Kremlin davam etdirdiyi bu siyasi xətt digər barışmaz iki düşmən olan Azərbaycan və Ermənistanı da NATO-ya üzvlüyə sövq edə bilər. Bu iki ölkə alyansla bağlı qərarını dəyişərsə, Fransa Ermənistanın, Türkiyə isə Azərbaycanın üzvlüyünə isti baxacaq. Rusiya bunları bilməli və ritorikasını ona uyğun təyin etməlidir.
Turan Rzayev
MİA.AZ