AZ

Rusiyada ictimai etimad ciddi şəkildə sarsılıb: Putin bu ilin sonuna qədər gedəcək

Dünya hələ də Rusiya-Ukrayna müharibəsinin sarsıntılarını yaşamaqda davam edir.

Amma bu müharibənin yalnız Ukraynanın ərazisi ilə məhdudlaşmadığını, əslində daha böyük bir geosiyasi təhlükənin işartısı olduğunu iddia edənlər az deyil. Bu dəfə həmin xəbərdarlıqlardan biri birbaşa döyüş meydanının içindən - Ukrayna Prezidentindən gəlib.

Volodimir Zelenski beynəlxalq ictimaiyyətə açıq çağırış edərək, Rusiyada rejim dəyişikliyinin vacibliyindən danışıb. Onun sözlərinə görə, əgər dünya bu məsələ ilə bağlı real addım atmasa, Rusiya gələcəkdə yalnız Ukraynanı deyil, digər qonşu dövlətləri də siyasi və hərbi baxımdan sarsıtmaq üçün fürsət axtaracaq. Bu isə post-müharibə dövründə belə sabitliyin bərqərar olmayacağından xəbər verir.

Volodimir Zelenskinin bu fikri beynəlxalq siyasi dairələrdə yeni bir sual doğurur: əgər Rusiya indiki hakimiyyətlə qalarsa, müharibə dayansa belə, bölgədə davamlı sülh mümkün olacaqmı? Dünya ictimaiyyəti bu çağırışa necə reaksiya verəcək? Zelenskinin dediyi kimi, rejim dəyişmədən təhlükə bitməyəcəkmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Qabil Hüseynli Volodimir Zelenskinin fikirlərini bölüşərək, Vladimir Putinin hakimiyyətdən gedişinin qaçılmaz olduğunu deyib:

“Bu reallığı mən artıq 3 aydır deyirəm. Putinə qarşı ya sui-qəsd olacaq, ya daxildə çəkişmələr baş verəcək, ya da Rusiya müharibədə məğlub olduqdan sonra Putin istefa verməyə məcbur olacaq. Mənim fərziyyəm budur ki, Putin bu ilin sonuna qədər hakimiyyətdən gedəcək".

Qabil Hüseynlinin sözlərinə görə, Rusiyada ictimai etimad ciddi şəkildə sarsılıb və artıq Vladimir Putin “Rusiya cəmiyyətində yalançı kimi” tanınır. Onun fikrincə, ölkə daxilində sosial və etnik gərginlik artır:

“Milli azlıqlar arasında da mərkəzdənqaçma meyilləri güclənib. Tatarıstan artıq öz müstəqilliyini elan etmək istəyir, lakin hələlik qorxurlar. Millətlərarası münasibətlər gərgindir. Rifah isə olduqca aşağı səviyyədədir".

Qabil Hüseynli: Rusiya daxilən zəifləyib, bu da Putinin sonunu yaxınlaşdırır

Politoloq xüsusilə Rusiyanın ucqar bölgələrindəki ağır vəziyyətə diqqət çəkib:

“Uzaq əyalətlərdə vəziyyət o qədər pisdir ki, insanlar bəzən quru çörək belə tapa bilmirlər. Rusiya daxilən zəifləyib, bu da Putinin sonunu yaxınlaşdırır".

Əli Hüseynov

Seçilən
10
bakivaxti.az

1Mənbələr