“Çayxanalara, kababxanalara şəhid övladlarınızın şəkilləri ilə getməyin, ora ziyarətgah deyil”
44 günlük Qarabağ müharibəsindən 5 ilə yaxın vaxt keçsə də, bu savaşda yaşananlar dünən-srağagün baş vermiş hadisələr kimi xatirələrdədir. İstər hərbçilərimizin qəhrəmanlığı, istər də xalqımızın Ali baş komandanın ətrafında bir nəfər kimi birləşməsi qürurverici anlar, tariximizin bir parçası olaraq heç zaman yaddaşlardan silinməyəcəkdir. Şübhəsiz, Azərbaycan var olduqca bu şərəfli tarixi bizə yaşadanlar – şəhidlərimiz, qazilərimiz də gələcək nəsillər tərəfindən sayğı ilə anılacaqdır.
Əlbəttə, heç bir savaş itkisiz, ağrı-acısız bitmədiyi kimi, Azərbaycan xalqının Vətən Müharibəsi də sevinc və qürur hissi ilə yanaşı, özü ilə kədər, qəm-qüssə də gətirdi. Xalqımız bu savaşda 3 min nəfərdən çox qəhrəman hərbçisini itirdi. Hansı ki, müqəddəslik zirvəsinə ucalan o şəhidlərin hər biri dövlətimiz tərəfindən daima yad edilir, onların qəhrəmanlıqları haqda tarixi salnamələr yazılır, filmlər çəkilir, dastanlar qoşulur, eləcə də ailə üzləri, yaxınları daim diqqət mərkəzində saxlanılır. Bir sözlə, dövlətimiz ilk gündən etibarən şəhid ailərinin yanında olduğunu nümayiş etdirir və heç bir şəhid valideyni, övladı, xanımı və s. diqqətdən, qayğıdan kənarda deyil. O cümlədən, bəzən bu istiqamətdə ayrı-ayrı vətəndaşlarımız tərəfindən də müxtəlif təşəbbüslər irəli sürülür, insanlar şəhid yaxınlarını tək qoymamağa, onların ağrı-acısına məlhəm olmağa çalışırlar.
Amma, çox təəssüflə qeyd olunmalıdır ki, bəzən bu məsələdən sui-istifadə edənlər, “şəhid ailələrinə qayğı” adı altında şəxsi maraqlarını güdənlər, öz ciblərini doldurmağa çalışanlar da olur. Məsələn, zaman-zaman hansısa sosial şəbəkədə “şəhid ailərlərinə dəstək” adı altında yardım kampaniyası təşkil edildiyinin şahidi oluruq. Üzücü haldır ki, bu cür işbazlar onların səmimiyyətinə inanan bəzi şəhid yaxınlarını da öz çirkin əməllərinə alət edirlər. Tutaq ki, onların iştirakı ilə hansısa tədbir keçirmək adı altında əvvəlcədən müxtəlif insanların - xeyirxah iş adamlarının, bu mövzuya həssas yanaşan vətəndaşlarımızın və s. qapısını döyərək, pul, yardım toplayırlar. Halbuki, şəhid adı altında yardım toplanılmasının özü ən böyük yanlışdır. Ən azı ona görə ki, yuxarıda da qeyd etdiyimiz kimi, bu gün şəhid ailələri dövlətin himayəsindədir və onlar yardıma möhtac buraxılmayıb. Digər tərəfdən, 5 il keçməsinə baxmayaraq, hələ də oğlunun vəfatı ilə barışmayan şəhid valideynlərini, xüsisilə də şəhid analarını bu cür “pulyığma kampaniyaları”na alət etmək şəhid ruhuna hörmətsizlikdir. Kimsənin də şəhid ruhunu incitmək haqqı yoxdur və ola da bilməz.
Yeri gəlmişkən, dünən “Tik-Tok” platformasında qarşımıza çıxan bir paylaşım da dediklərimizin bariz nümunəsi hesab oluna bilər. Söhbət yenə də ortada yardım toplanılması faktından gedir. Elə adı da “Yardım yolu” olan səhifədə bir qrup şəhid anasının Qarabağa – övladlarının qanı tökülən ərazilərə səfərinin təşkil olunduğu haqda məlumat verilir. Əlbəttə, niyyət saf olsa, bu cür təşəbbüsləri alqışlamaq olar. Amma, yuxarıda da qeyd etdiyimiz kimi, heç bir halda şəhid anaları kimlərinsə şəxsi maraqlarına qurban verilməməlidir. Onların səmimiyyətindən istifadə edib, hansısa yanlışa sürükləməklə övladlarının ruhu incidilməməlidir.
Diqqət edək, daha çox hansısa çayxananın, yaxud kababxananın reklamı üzərində qurulan çəkiliş zamanı şəhid anaları əllərində oğullarının rəsmlərini tutaraq, qrup halında yeməyə dəvət olunurlar. İlk baxışdan rastlaşdığım bu mənzərə heç də ürəkaçıcı olmadığı üçün videonun rəy bölümünə diqqət etdim. Görünən o idi ki, təkcə mən bu fikirdə deyildim, əksəriyyət havayı yemək üçün şəhid analarının övladlarının fotoları ilə kababxanaya daxil olmasının əleyhinə status yazmışdı. Hətta bu mənzərəyə etiraz edənlər arasında şəhid anaları da var idi. Məsələn, onlardan biri, “Heydər Əliyev Fondu, Mehriban xanım, cənab Prezident bizə yetərincə qayğı göstərir, bir sosiska, bir yumurtaya görə anaları alçaltmayın”, - deyə yazırdı.
Həmçinin, “Balamızın şəkillərindən istifadə edib, çayxanada pulsuz çay içmək düzgün deyil”, - yazan da vardı. Maraqlısı o idi ki, səhər yenidən həmin səhifəyə diqqət edəndə bu tədbirin əleyhinə yazılan statusların bir çoxunun silindiyinin şahidi olduq(Bəzi statusları yazının sonunda təqdim edirik - FOTO). Səhifəni idarə edən şəxs isə, nə qədər təəccüblü olsa da, tənqidlərə “qeyrətiniz var, gəlin siz də yardım edin”, - deyə reaksiya vermişdi.
Bir daha qeyd edək ki, həmin tədbirdə iştirak edən şəhid analarının heç birini qınamaq olmaz. Onlar övladlarının qanı tökülən ərazilərə səfər etmək üçün bu yola çıxıblar. Çox güman ki, o şəkilləri də məhz mənzil başında qaldırmaq, xatirə fotosu çəkdirmək üçün özləri ilə götürüblər, kimsə onu kababxanada havayı yemək məqsədilə aparmayıb. Amma çox təəssüf ki, təşkilatçıların yanlışı, yaxud qeyri-peşəkarlığı səbəbindən bu cür xoşagəlməz mənzərə yaranıb.
Əlbəttə, etiraz statuslarında deyildiyi kimi, şəhid analarının övladlarının şəkillərini hansısa ziyarətgaha, tutaq ki, Kəbəyə, Məkkəyə gedən zaman əllərində açıq halda saxlaması normal qarşılanardı. Lakin bu cür fotolarla çayxanaya, kababxanaya getmək heç də xoşagələn mənzərə deyil və qınaqlar da tamamilə haqlıdır.
Üstəlik, sonradan həmin fotoları, eləcə də dövlət bayrağımızı qatlayıb stulun başına qoymaq və arxanı ona söykəyib yeməyə başlamaq da ikinci bir yanlışdır. Görünür, məhz bunları nəzərə alan bəzi şəhid anaları bu tədbirə qatılan həmdərdlərinə - şəhid analarına “övladlarınızın ruhunu incitməyin”, - deyə çağırış ediblər. Şübhəsiz, bu çağırışçılara da haqq qazandırmamaq mümkün deyil.
Sonda isə bir daha qeyd edək ki, zənnimizcə, belə xoşagəlməz hadisələrin yaşanmaması, ən əsası isə şəhidlərimizin ruhlarını incitməmək üçün bu cür tədbirlər dövlət nəzarəti altında keçirilməlidir. İkincisi isə, şəhid adı ilə təşkil olunan tədbirlər sosial şəbəkələrdə təşkil olunan yardım kampaniyaları ilə baş tutmamalıdır. Məsələn, biz indiyədək, xüsusilə də Heydər Əliyev Fondunun dəstəyi ilə onlarla bu cür tədbir keçirildiyinin şahidi olmuşuq. Hansı ki, istər şəhid valideynləri, istər şəhid xanımları və övladlarının iştirakı ilə baş tutan bu təbdirlərin çox yüksək səviyyədə təşkil olunduğu haqda mətbuatda çoxsaylı faktlar mövcuddur. Bu tədbirlərin hər biri böyük ruh yüksəkliyi ilə başlayıb, o cür də başa çatıb. Doğrudur, əksər hallarda bu tədbirlər haqda mediaya məlumat verilməsinə, sosial şəbəkələrdə reklam xarakterli paylaşımlar edilməsinə ehtiyac da duyulmayıb. Çünki məqsəd şəhid valideynlərinin, şəhid xanımlarının və övladlarının könlünü xoş tutmaqdır. Bu işdə isə nə dövlətin reklama ehtiyacı var, nə də bu cür tədbirlərin təşkilatçılarının. Odur ki, bundan sonra da şəhid adı altında keçirilən hər bir tədbir zamanı daha diqqətli olmalıyıq. Çünki, vətəndaş və xalq olaraq başlıca məqsədimiz şəhid ruhlarını uca tutmaqdır, onlar incitmək deyil.
Hazırladı: Jalə FAMİLQIZI
P.S. Mövzunu davam etdirəcəyik.