AZ

“AzərEnerji”: AZURE layihəsinin birinci mərhələsi yekunlaşmaqdadır

Dünya Bankı ilə həyata keçirilən Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi (AZURE) üzrə işlərin birinci mərhələsi yekunlaşmaq üzrədir.

Bu barədə “Report” “AzərEnerji” ASC-yə istinadən xəbər verir.

"AZURE layihəsi üzrə birinci mərhələdə “AzərEnerji”nin daxili imkanları və bir hissəsi dövlət büdcəsi hesabına ayrılan vəsaitlə tikilən yeni yarımstansiyanın və onun 330 kilovoltluq tərəfinin, o cümlədən Nəvahidən Abşerona 500 kilovotluq, “Biləsuvar” və “Bankə” günəş elektrik stansiyalarına 330 kilovoltluq ötürmə xətlərinin çəkilməsi işi artıq yekunlaşmaqdadır. İcra qrafikinə əsasən, 2024-cü ilin sentyabr ayından başlanılan işlərin əsas hissəsi görülüb və birinci mərhələ üzrə işlər son fazadadır. Bununla, “Bankə” və “Biləsuvar” günəş elektrik stansiyalarının enerjisistemə qoşulması öhdəliyi yerinə yetiriləcək", - məlumatda deyilir.

Bu böyük enerji layihəsinin ikinci mərhələsində isə Dünya Bankının maliyyələşdirilmə hissəsinə start verilməsi nəzərdə tutulur. Dünya bankının krediti hesabına “Nəvahi” yarımstansiyasının 500 kilovoltluq tərəfinin və yarımstansiya üçün transformator, əlaqəli avadanlıqların alınması və quraşdırılması, habelə adıçəkilən yarımstansiyadan Mingəçevirə 500 kilovoltluq, o cümlədən Ələt, Abşeron və Qobuya 330 kilovoltluq ötürmə xətlərinin tikintisi həyata keçiriləcək. Bu mərhələnin isə 3 il müddətinə icra olunması nəzərdə tutulub.

Qeyd edək ki, AZURE layihəsinin icra olunmasında əsas məqsəd Azərbaycanda tikilən 2 giqavat bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasını dayanıqlı və təhlükəsiz şəkildə həyata keçirməkdir. Bunun üçün ölkədə əsas qovşaq yarımstansiyası funksiyasını daşımaq üçün ölkənin ən böyük yarımstansiyalarından biri - 500/330 kV-luq “Nəvahi” Enerji Qovşağı tikilir və oradan ölkənin müxtəlif istiqamətlərinə 500 330 kilovoltluq yüksəkgərginlikli ötürmə xətləri çəkilir.

AZURE layihəsinin icrası, cari vəziyyəti və aktual mövzularla bağlı “Nəvahi” Qovşaq yarımstansiyasında müşavirə keçirilib. “AzərEnerji”nin rəhbərliyi, Dünya Bankı və “Masdar” şirkətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə layihənin gedişatı, qarşıda duran vəzifələr barədə müzakirələr aprılıb.

Qeyd edək ki, bu layihənin həyata keçirilməsi üçün Dünya Bankı 173,5 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Kredit vəsaiti 5 ili güzəşt dövrü olmaqla 15 illik müddətə cəlb olunur və kreditin qaytarılması 2039-cu ilin sonunda bitəcək. Layihədə Azərbaycan Hökumətinin iştirak payı (31.2 milyon ABŞ dolları) ƏDV və gömrük rüsumlarının ödənilməsindən ibarətdir.

Seçilən
108
8
report.az

9Mənbələr