AZ

Qaz ixracı coğrafiyamız GENİŞLƏNİR

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan qaz ixracı coğrafiyasını genişləndirir. Türkiyə, Gürcüstan və Avropa dövlətləri ilə yanaşı bu siyahya Suriya və Ukrayna da əlavə olunur. Bundan əlavə, Moldova ilə də belə bir əməkdaşlıq perspektivləri nəzərdən keçirilir. Ekspertlər rəsmi Bakının bu addımlarını tək iqtisadi yox, həm də beynəlxalq səviyyədə mühüm qərarlar olaraq dəyərləndirirlər. Çünki Suriya da, Ukrayna da hazırkı məqamda müxtəlif güc mərkəzlərinin hərbi və siyasi toqquşma meydanıdır. Bakının müstəqil xarici siyasət kursu bu məsələdə Azərbaycanın beynəlxalq səviyyədə artan nüfuzu və çəkisinin göstəricisi kimi dəyərləndirilir.

Qeyd edək ki, Türkiyə şənbə günü - avqustun 2-dən etibarən Azərbaycandan Suriyaya təbii qaz tədarükünə başlayacaq. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlama verib. Nazirin sözlərinə görə, təbii qazın Suriyaya nəqli Azərbaycandan tədarük olunan qaz hesabına həyata keçiriləcək və proses şənbə günündən başlanılacaq.

Suriyalı iqtisadçı, münaqişəsonrası bərpa üzrə ekspert, “Ərəb İqtisadçıları Dərnəyi”nin (Cercle des Economistes Arabes) prezidenti və BMT-nin məsləhətçisi Samir Aytanın qənaətincə, Suriya Energetika Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyi və SOCAR arasında imzalanmış Anlaşma Memorandumu, əslində, iki ölkə arasında 2010-cu ildə imzalanmış qaz təchizatı və texniki əməkdaşlıq haqqında sazişin bərpasına yönəlmiş bir addımdır:

"Həmin sazişin icrası sanksiyalar səbəbi ilə dayandırılmışdı. Yeni memorandum indi tamhüquqlu bir müqaviləyə çevrilməlidir. Hər iki ölkədə neft və qaz hasilatına dövlət qurumları nəzarət etdiyi üçün bu razılaşma SOCAR ilə Suriya Qaz Şirkəti arasında bağlanmalıdır. Lakin Suriya ilə Azərbaycan arasında birbaşa sərhəd olmadığı üçün əlbəttə ki, Türkiyənin dövlətə məxsus boru kəməri şirkəti olan BOTAŞ-ın, eyni zamanda, bp-nin iştirakı tələb olunacaq. Düşünürəm ki, bu mexanizm artıq 2010-cu il razılaşmasında nəzərə alınmışdı, çünki həmin dövrdə Azərbaycan qazının bir hissəsi artıq Suriyaya çatdırılırdı. Bundan əlavə, Suriya münaqişə zamanı zədələnmiş neft və qaz obyektlərinin bərpası üçün SOCAR-ın texniki yardımından faydalana bilər:

“İldə 1 milyard kubmetr həcmində qaz Suriyanın hazırda gündə cəmi bir neçə saatlıq verilən elektrik enerjisi istehsalına ciddi dəstək ola bilər. Münaqişədən əvvəl ölkə ildə, təxminən, 8 milyard kubmetr qaz hasil edirdi. 2010-cu ildə imzalanmış razılaşma da Azərbaycanın Suriyaya illik 1,5 milyard kubmetrə qədər qaz ixracını nəzərdə tuturdu. O dövrdə Suriyanın elektrik stansiyalarının əksəriyyəti təbii qazla işləyirdi. İnfrastruktur məsələsinə gəlincə, hazırda Türkiyə ilə Suriya arasında mövcud olan qaz kəmərinin vəziyyəti və bu kəmərin Suriya qaz nəqli şəbəkəsinə bağlantısı barədə dəqiq məlumat yoxdur. Lakin ehtimal etmək olar ki, münaqişə zamanı zərər görmüş hissələr siyasi iradə və tələb olunan maliyyə təmin olunarsa, bir neçə ay ərzində bərpa edilə bilər. Belə bir layihənin həyata keçirilməsi mərhələsində texniki infrastrukturun hazırlıq səviyyəsi, siyasi risklər, eləcə də qazın üçüncü ölkələrin ərazisindən tranziti ilə bağlı tənzimləmə məsələləri xüsusi diqqətə alınmalıdır.

Azərbaycan qazının Suriyaya nəqli təkcə iqtisadi deyil, həm də geosiyasi məsələdir. Suriyanın qaz nəqli şəbəkəsi “Ərəb qaz şəbəkəsi” adlandırılan sistemə qoşulub, bu şəbəkəyə Suriya, Livan, İordaniya və Misir daxildir. Bu isə o deməkdir ki, Azərbaycanın qazı bu ölkələrin hamısına ixrac edilə bilər — həmin ölkələr elektrik enerjisi istehsalı üçün ciddi şəkildə xammala ehtiyac duyurlar. Bundan əlavə, belə bir enerji dəhlizinin yaradılması gələcəkdə Azərbaycanla Suriya arasında dəmir yolu və avtomobil nəqliyyatı layihələrinin inkişafı üçün əsas yarada bilər ki, bu da perspektivdə Azərbaycanın ixracının Körfəz ölkələrinin bazarlarına çıxışını təmin edə bilər”.

Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti də Azərbaycanın SOCAR şirkəti ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb. Məlumata görə, Bolqarıstan-Rumıniya-Ukrayna sərhədi marşrutu üzrə Trans-Balkan dəhlizi ilə ilk dəfə sınaq qaz təchizatı həyata keçirilir. “Bu, uzunmüddətli əməkdaşlığa yol açan kiçik, lakin strateji əhəmiyyətli addımdır. Həm də təchizat mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir”, - deyə “Naftoqaz” İdarə Heyətinin sədri Sergey Koretski bildirib.

Ukrayna Ali Radasının Energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, Enerji qənaəti və enerji səmərəliliyi altkomitəsinin sədri, deputat Sergey Naqornyak bildirib ki, Azərbaycan qazının Ukraynaya çatdırılması yaxşı və düzgün təşəbbüsdür.

Onun sözlərinə görə, bu addım Ukraynaya qaz defisitini azaltmağa kömək edəcək. Deputat Ukraynanın enerji təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfənin çox qiymətli olduğunu vurğulayıb. “Biz Azərbaycan Prezidenti İlham Əliyevə Ukraynaya göstərdiyi köməyə görə təşəkkür edirik. Azərbaycan qazının Ukraynaya ötürülməsi, qarşıdan gələn qışda təbii qaz probleminin həllinə mühüm töhfədir”, - deyə Sergey Naqornyak əlavə edib.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Ukraynanın ilk dəfə Azərbaycan qazını Trans-Balkan marşrutu ilə qəbul etməsi iki ölkə arasında enerji əməkdaşlığını yeni mərhələyə keçirib. Ukrayna üçün Azərbaycan qazını əldə etmək bir neçə səbəbdən vacibdir. Birincisi, bu, müharibə nəticəsində Rusiya qazından tamamilə imtina edən Ukrayna üçün Azərbaycan qazı hesabına enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayacaq. İkincisi, bu Kiyevlə Bakı arasında siyasi əlaqələrin daha da gücləndirilməsi deməkdir.

Ukraynanın dövlət enerji şirkəti olan “Naftogaz Group” SOCAR-ın Ukraynadakı törəmə qurumu “SOCAR Energy Ukraine” ilə Azərbaycan təbii qazının alınması barədə ilk müqaviləni imzalayıb. Bu razılaşma çərçivəsində sınaq partiyası qaz Bolqarıstan və Rumıniya üzərindən Ukraynaya çatdırılıb. Azərbaycan qazının Ukraynaya nəqli Kremli narahat edib. Kreml Ukraynanı hərtərəfli məğlub etmək üçün bu ölkəni enerji resurslarına çıxışdan da məhrum etmək istəyirdi. Alınmadı. Ukrayna həm Avropa ölkələrindən, həm də Avropa üzərindən Azərbaycan qazını əldə etmək imkanı qazanıb. Vaxtilə Rusiya qazı üçün nəzərdə tutulan Trans-Balkan marşrutundan ilk dəfə Azərbaycan qazı ilə nəql edilməyə başlanılıb. Azərbaycan qazının Ukraynaya nəqli Qərb ölkələrinin də maraqlarına cavab verir. Azərbaycan Ukraynaya qaz nəql etməklə ABŞ və Avropa ölkələrinin Ukraynanın Rusiya qarşısında məğlub olmamaq siyasətində praktik addımıyla yer almış olub. Bu Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmasına, eyni zamanda ABŞ və Avropada “Qarabağ ermənilərinə dəstək” adıyla ölkəmiz əleyhinə müxtəlif sənədlər qəbul etməyə çalışan siyasi dairələrin təxribatçı fəaliyyətlərinin qarşısının alınmasına xidmət etməlidir.

Moldova Azərbaycan qazının Trans-Balkan qaz kəməri ilə Ukraynaya tədarükünə başlaması ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qərarını alqışlayır. Bu barədə  Moldovanın energetika naziri Dorin Jungiyetu Ukraynanın “Naftogaz” şirkəti ilə “SOCAR Energy Ukraine” arasında qaz tədarükünə dair ilk sazişin imzalanmasını şərh edərkən bildirib. "Azərbaycandan Ukraynaya qaz tədarükü təkcə bu ölkənin enerji təhlükəsizliyini gücləndirmir, eyni zamanda Cənub-Şərqi Avropa ölkələrinə birbaşa fayda verir", - o vurğulayıb.

“Moldova Azərbaycanla qaz tədarükü üzrə uzunmüddətli saziş imzalamaq imkanını nəzərdən keçirməyə açıqdır”, – Dorin Jungiyetu bildirib.

O qeyd edib ki, Trans-Balkan marşrutu ilə Azərbaycan qazının Ukraynaya tədarükü Moldovaya bu resursu əldə etməyə yol açır.

“Bu kontekstdə Moldava Respublikası gələcəkdə Azərbaycandan birbaşa qaz ala bilər. Kişineu bu istiqamətdə Azərbaycanla uzunmüddətli saziş imzalamaq imkanını nəzərdən keçirməyə açıqdır”, - nazir bildirib.

O əlavə edib ki, belə bir sazişin imzalanması, sadəcə, ilk addımdır: “Növbəti mərhələ Moldova bazarında fəaliyyət göstərən “Energocom” və ya Azərbaycan qazını almaqda maraqlı olan digər lisenziyalı şirkətlər kimi kommersiya şirkətləri arasında qaz tədarükü ilə bağlı danışıqlara aiddir”.

Nazir qeyd edib ki, Moldova daxili qaz bazarının liberallaşdırılmasını – ötən il başlanan prosesi dəstəkləyir.

“Bu proses tamamlanana qədər tədarükün təhlükəsizliyi və istehlakçıların qorunması prioritet olaraq qalır. Uzunmüddətli perspektivdə məqsəd hər bir istehlakçının tədarükçüsünü sərbəst seçə bilməsi və biz bazara yeni, etibarlı oyunçuların daxil olmasını təşviq edirik. Azərbaycan artıq özünü enerji sahəsində etibarlı tərəfdaş kimi təsdiqləyib”, - D.Jungiyetu vurğulayıb.

Göründüyü kimi, Azərbaycanın qaz ixracı coğrafiyasının genişlənməsi rəsmi Bakıya dividentlər qazandırmaqla yanaşı, həm də Rusiya-Ukrayna müharibəsi, həmçinin vətəndaş müharibəsindən əziyyət çəkən ölkələr üçün də mühüm əhəmiyyətə malikdir. Bakı bu siyasəti ilə həm də sözügedən dövlətlərə iqtisadi inkişaf perspektivləri vəd edir.

Ləman ƏLİYEVA

Seçilən
29
hafta.az

1Mənbələr