BAKI, 31 iyul. TELEQRAF
1921-ci il. Əhməd bəy Ağaoğlunun qızı Sürəyya xanım İstanbul Üniversitetinin hüquq fakültəsinə sənədlərini təqdim edir. Həmin dövr üçün cəsarətli addım olan bu müraciət qəhqəhə ilə qarşılanır. Sürəyya xanım xatirələrində yazır:
“1921-ci ilin payızında üç rəfiqəmlə Darülfünunun, yəni “Zeynəb Xanım Qonağı”nın pilləkənlərini çıxırdıq. Rəfiqələrimdən biri fənn, digəri də ədəbiyyat fakültəsinə daxil olmaq istəyirdi. Mən də hüquq fakültəsinin qızlar üçün açılmasını və hüquq təhsili almaq istəyirdim. O zaman hüquq fakültəsi qadınların üzünə bağlı idi: rəfiqələrim mənə gülürdülər, müvəffəq olub-olmayacağım bilinmirdi. Hüquq fakültəsi dekanı, beynəlxalq hüquq professoru mərhum Səlahəddin bəy küncdə bir masa arxasında oturmuşdu. Yanında professor Vəli bəy, qarşısında isə ümumi katib Rauf bəy durmuşdu. İçəriyə daxil olub: “Mən Sürəyya Ağaoğluyam. Bazmi-Aləm Validə Sultanisini bu il qurtardım. Hüquq təhsili almaq istəyirəm. Məni hüquqa qəbul edərsinizmi?” dedim. Səlahəddin bəy heyrətlə üzümə baxdı. Vəli bəy hər zaman aşağıya əyik başını qaldırdı. Deyəsən, ikisi da zarafat edib-etmədiyimi anlamağa çalışırdı. O zamanlar 17 yaşındakı hər gənc qız çarşab geyərdi. Amma mən çarşabsızdım. Boz kostyum geyinmişdim. Nəhayət, Səlahəddin bəy qəhqəhə ilə güldü: “Daha üç nəfər tap, bu saat fakültəni açaq” dedi. Həqiqətən, fakültə “açmaq” lazım idi. Çünki qızlar oğlanlarla bərabər oxuya bilmirdilar. Günün əvvəli oğlanlara, günortadan sonra isə qızlara dərs keçirilirdi. Əlbəttə, bir tək tələbə üçün bütün müəllimlər günortadan sonra dərs keçə bilməzdilər. Vəli bəy başını qaldırdı: “Qadına daha çox həkimlik yaraşır, o fakültəni açdırın” dedi. Mən də: “Onu da həkim olmağa həvəsi olanlar açdırsın” cavabını verdim. Səlahəddin bəy: “Haqq-hüquq məsələsi deyilmi?! Sürəyya xanım haqqını burada axtarır, müvəffəq olmasını diləyək” dedi.
Otaqdan dəli kimi çıxdım. İndi başqa fakültələrə yazılmış olan yoldaşları inandırmaq lazım idi. Dərhal, sonralar Siddiq Sami Onarın həyat yoldaşı olan Bedianın yanına qaçdım. Başqa fakültəyə yazılmışdı. Hüquq fakültəsinin açıldığını deyərək, onu razı saldım. Bedia ilə digər iki yoldaşımız Məlahət ilə Saiməni də razı salaraq, dördümüz hüquqa yazıldıq. Mənim nömrəm “1” idi”.
Həmin vaxt Əhməd bəy Malta adasında əsirlikdə idi. Sürəyya xanım hadisə ilə bağlı atasına məktub yazır. Əhməd bəy cavabında tarix və ədəbiyyat oxumasını məsləhət bilir, yaxşı bir hüquqşünas olmaq üçün mütləq ərəb və fars dilini bilməyin vacib olduğunu qeyd edir. Amma qızının mütləq şəkildə hüquq oxumasını istəməsində də qəbahət görmədiyini bildirir. Beləliklə, Əhməd bəy qızına hüquqda oxumasına həm icazə, həm də məsləhət verir: “İlk qız tələbələrsiniz. Ən kiçik bir xətanız sizdən sonrakılar üçün də bir maneə yarada bilər. Bunu yadından çıxarma və oğlan dostlarını seçməkdə çox ehtiyatlı ol”.
Beləliklə, Azərbaycan əsilli, Şuşada anadan olmuş Sürəyya xanımın sayəsində İstanbulda Universitetində 3 qız ilk dəfə olaraq hüquq dərslərinə girir.
Sürəyya xanım ilk dərsləri haqqında yazır: “Sentyabrın sonunda dərslər başladı. Zeynəb Xanım Malikanəsinin kiçik bir otağını bizə ayırmışdılar. Dərslər saat 13:30-da başladığı halda, biz dörd rəfiqə böyük bir həyəcanla 12:00-da fakültədə olurduq. Artıq mən də çarşab geyinirdim. İlk dərsə Səlahəddin bəy özü gəldi, bizi təbrik edərək, uğurlar arzuladı”.
Sürəyya xanım fakültəni 1925-ci ildə bitirir. 5 dekabr 1927-ci ildə Ankara Vəkil Bürosuna üzv olur. 1928-ci ildə müstəqil vəkil lisenziyasını alaraq, Türkiyə Cümhuriyyətinin ilk qadın vəkili, qadın hüquqlarının müdafiəçisi ünvanını qazanır.
Şəxsi arxivimizdə Sürəyya xanımın və digər iki qız hüquq tələbəsinin məzuniyyət mərasiminə aid qiymətli bir fotoşəkil də mövcuddur. Həmin şəkildə dövrün tanınmış hüquq alimləri və oğlan tələbələr arasında üç xanım açıq şəkildə seçilməkdədir.
Sürəyya xanımın bu cəsarətli addımı haqqında dəfələrlə yazılıb. Amma bu yaxınlarda həmkarım, Ağaoğlu ailəsindən olan Həlimə xanım onun Türkiyənin “Son Posta” qəzetinə verdiyi bir müsahibə ilə məni tanış etdi. 20 fevral 1937-ci il tarixli nömrədə jurnalist Peride Celal “Çalışan qadınlar arasında” rubrikası üçün Sürəyya xanımdan müsahibə alıb. Yazı “Mən doğulandan vəkiləm” başlığı ilə təqdim edilib. Bu müsahibənin Sürəyya xanımın təhsil və iş həyatı ilə bağlı maraqlı məqamları əks etdirdiyi üçün mühüm qismlərini təqdim edirik.
***
“Təşviq və himayə içərisində çalışdıq”
Hüquq fakültəsinin ilk qız tələbələri olduqlarına görə çətinlik çəkiblərmi? Sürəyya xanım bu suala belə cavab verib:
“Mən heç bir çətinlik çəkdiyimizi xatırlamıram. Müəllimlərimizdən, yoldaşlarımızdan hörmətdən, təqdirdən başqa bir rəftar görmədik. Hətta əksinə, ehtimal ki, çox xeyirli bir cığırın ilk yolçuları olduğumuz üçün hüquq fakültəsinin bugünkü qız tələbələrinə müyəssər olmayan bir təşviq və himayə içərisində çalışdıq. Bizə göstərilən etibar, cılız səciyyəmizi ərköyünləşdirəcək qədər genişdi. Buna görə də o zaman qarşılaşdığımız yeganə çətinlik gördüyümüz bu sonsuz təvəccühkar münasibət idi deyə bilərəm. Çünki biz ən sadə vəzifəmizi görürdük. Bunun qarşılığında layiq olduğumuzdan çox hörmət gördüyümüz üçün utanırdıq”.
“Mənə ali təhsil almaq qayəsini atam aşıladı”
Sürəyya xanım ali təhsil almasında vaxtilə Parisdə hüquq təhsili almış atasının böyük rol oynadığını bildirib:
“Mənə ali təhsil almaq qayəsini atam aşıladı. Qadınların çalışmalarının lüzumunu əvvəla atamdan öyrəndim. Fəqət məsləyimə gəlincə, mən vəkil olmadım, vəkil doğuldum! Buna təəccüblənməyin. Hələ 6-7 yaşında bir uşaq idim. Deyəsən, bir az çox danışan idim, çox düşünmədən söylədiyim sözlərdən bəziləri lap yerinə düşərdi. Sıx-sıx çənəmin oxşandığını və ətrafımdakıların mənim haqqımda bir-birinə “Bu uşaq vəkil olacaq!” dediklərini xatırlayıram. “Vəkil”in nə olduğunu bilmirdim. Fəqət məni sevdiklərinə əmin olduğum kimsələrin “bu uşaq vəkil olacaq!” deyərkən sevinc içində olmalarından anlayırdım ki, vəkil olmaq yaxşı bir şeydir. Bu məsum qənaətlə və bu cümləni tez-tez eşitməyimin təlqini altında mən də öz-özümə deməyə başladım: “Mən vəkil olacağam”. Nəhayət, oldum da”.
“Sayənizdə bir uşağımız oldu”
Sürəyya xanım uşaqlıqdan gələn bu arzusuna qovuşduğu üçün peşman idimi? Bu sualı belə cavablandırıb:
“Bir az aşırı yorucudur. Fəqət bir məhkəməni udmağın zövqü ilıq bir hamam kimi bütün yorğunluğu aradan götürür. Amma davanı qazanmağın zövqlü olmadığı zamanlar da vardır. Məsələn, bir boşanma davasını qazanmaq, yəni müvəffəqiyyəti iki insanı bir-birindən ayırmaq müqabilində əldə etmək, şübhəsiz ki, haqlı bir davanı uduzmaq qədər üzüntülü olur. Buna görə də bu kimi davalar qarşısında vəkil kürsüsündə bir sülh hakimi vəzifəsini görməyə çalışırıq. Sizə bunun olduqca qəribə bir misalını danışım. Vəkilliyə yeni başlamışdım. Ankarada idim. Bir gün iş yerimə gənc ər-arvad gəldi. Qadın hönkür-hönkür ağlayırdı. Kişi də eyni dərəcədə mütəəssirdi. Özünü zorla saxladığı bəlli idi. Qadın o kədər arasında ərinin əyilən qalstukunu düzəltməyi də ehmal etmirdi. Hələ kişinin yoldaşını təsəlli etmək üçün göstərdiyi hərəkətləri görsəniz, dediyi sözləri eşitsəniz, aralarındakı qarşılıqlı münasibətin qüvvətinə paxıllığınız tutardı. Bir ara biri digərinə dedi: “Müraciəti sən yaz”. O biri cavab verdi: “Xeyr, mənim əlim gəlməz, sən et”.
Məgər məramları bir-birindən ayrılmaqmış. Çünki kişi çox sevdiyi həyat yoldaşının anasına özünü bəyəndirə bilmirmiş. Qadın da nə anasından, nə də atasından keçə bilirdi. Kişi bu şərtlər altında yaşaya bilməyəcəklərini söyləyincə ağlaya-ağlaya ayrılmağa qərar vermişlər. İki tərəf də ayrılmaq üçün heç cür müraciət edə bilmirdi. Mən əvvəlcə bu vəziyyətə güldüm, sonra təəccübləndim və nəhayət hirslənərək dedim: “Siz bir vəkilin yanına deyil, bir sinir doktorunun yanına getməlisiniz!”. Bu cavabdan sonra çıxıb getdilər. Bu müraciətlərindən bir müddət sonra onları Keçiörenə gedən bir avtobusda gördüm. Aralarında balaca bir uşaq da vardı. Bir anlıq mənimlə göz-gözə gələn qadın gülümsəyərək yerindən qalxdı. Tənha avtobusda yanıma gəldi və əlimi sıxaraq dedi: “Sayənizdə bir uşağımız oldu. Sizin qoyduğunuz o mükəmməl təşxisdən sonra sinir doktoruna getməyimizə ehtiyac qalmadı. Özümüz özümüzü müalicə etdik”.
“Qadın vəkil olarmı?” deyə dodaqlarını büzənlər var”
İş həyatında qadın olmağın çətinlikləri varmı? Sürəyya xanım bu suala belə cavab verib:
“Qadınlar haqqındakı bəzi gerici zehniyyətin söylədiklərindən başqa heç bir şikayətimiz yoxdur. Bəzi dar düşüncəli kimsələr qadın vəkillərə, qadın həkimlərə qarşı bir inamsızlıq bəsləyirlər. “Qadın vəkil olarmı?” deyə dodaqlarını büzənlər var. “Qadının saçı uzun, ağlı qısadır”, “qadının beyni kişinin beynindən iki yüz qram əskikdir” deyənlər var. Fəqət bunları deyənlərin özlərinin beyinləri təbii insan beynindən bir xeyli xəfif olanlardır. Zatən sayları da dərd çəkməyə dəyməyəcək qədər azalmışdır. Tamamilə ortadan qalxmaları da zamana bağlıdır. Həm də “qadının saçı uzun, ağlı qısadır” deyirlər. Əgər ağlın azlığı saçın uzunluğuna bağlıdırsa, özləri zərərli çıxarlar. Çünki indi kişilərin saçları qadınların saçlarından daha uzundur!”.