AZ

Azərbaycanda müəllimlərin sayı kəskin azalacaq – radikal qərar verildi

Bu il ali təhsil müəssisələrində bütün ixtisas qrupları üzrə pedaqoji, yəni müəllimlik ixtisaslarının sayı kəskin şəkildə azaldılıb. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bəzi universitetlərdə müəllimlik ixtisasları ümumiyyətlə ləğv olunub. O bildirib ki, bu səbəbdən abituriyentlər ixtisas seçimi zamanı daha diqqətli olmalıdırlar. Eyni zamanda, pedaqoji ixtisasların keçid ballarında ciddi artımın baş verəcəyi gözlənilir.

Bu, real təhlükədir? Müəllim ehtiyacına necə təsir edəcək?

Globalinfo.az-a danışan təhsil eksperti İlqar Orucov bildirib ki, pedaqoji ixtisasların sayının azalması yanaşma baxımından doğrudur.

Onun sözlərinə görə, bu sahədə kadr hazırlığı xüsusi yanaşma tələb edir:

“Əvvəllər Azərbaycanda pedaqoji ixtisaslar üzrə kadr hazırlığı yalnız Pedaqoji Universitetlə məhdudlaşmırdı. Bir neçə universitet bu prosesdə iştirak edirdi. Lakin bu il bir çox universitetdə həmin ixtisaslar üzrə kadr hazırlığı dayandırılıb. Bu isə müəllim çatışmazlığına səbəb olmayacaq. Əvəzində pedaqoji ixtisaslara keçid ballarında ciddi artım müşahidə olunacaq”.

İlqar Orucov bildirib ki, son illər müəllimlik peşəsinə maraq artmaqdadır:

“Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarında bu ixtisaslara olan tələbat, iş imkanlarının genişlənməsi pedaqoji ixtisaslara marağı artıran əsas amillərdəndir. Son illərdə müəllimlik ixtisaslarına qəbul ballarının artması onu göstərir ki, gənclər bu peşəyə maraq göstərir və bu sahədə çalışmaq istəyirlər”.

ilqar

İlqar Orucov

Ekspert qeyd edib ki, müəllimlərin işə qəbulu prosesində şəffaflıq, differensial əməkhaqqı sistemi və tətbiq olunan sertifikasiya mexanizmləri bu sahədə keyfiyyəti artıran mühüm faktorlardandır:

“Müəllimlərin orta əməkhaqqında son illər əhəmiyyətli artım müşahidə olunur. Bu, kadr çatışmazlığına səbəb olmayacaq. Çünki hər il müəllimlərin işə qəbul imtahanlarına müraciət edənlərin sayı artır. Doğrudur, kənd məktəblərinə maraq nisbətən azdır, amma ümumi mənzərə onu göstərir ki, müəllim ixtisaslarına maraq ildən-ilə artır”.

İlqar Orucov əlavə edib ki, bəzi qeyri-pedaqoji ixtisas sahiblərinə də müəllim kimi işləmək imkanı yaradılır:

“Elm və Təhsil Nazirliyi həmin şəxsləri müvafiq kurslara cəlb edir və pedaqoji kvalifikasiyalarının artırılması istiqamətində addımlar atılır. Müəyyən peşəkar kurslar vasitəsilə onların müəllim kimi fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılır”.

Ekspert vurğulayıb ki, kifayət qədər pedaqoji kadr hazırlayan universitetlər mövcuddur və onların plan yerləri də az deyil:

“Pedaqoji ixtisaslarla bağlı kadr problemi yaşamayacağımız qənaətindəyəm. Əmək bazarında tələbatla təhsil planlarının uyğunlaşdırılması üçün hər il araşdırmalar aparılır. Bu baxımdan pedaqoji ixtisaslara münasibətdə ciddi yanaşma vacibdir. Çünki təhsilin keyfiyyəti birbaşa bu sahədə hazırlanan kadrların keyfiyyəti ilə düz mütənasibdir”.

Seçilən
23
1
turkustan.az

2Mənbələr