AZ

Azərbaycanda ətin qiymətini dövlət qoyacaq?

Qırğızıstan ətin qiymətinə dövlət tənzimlənməsi tətbiq edəcək. 

Müvafiq qərar Nazirlər Kabineti sədrinin müavini, Su Nazirliyinin rəhbəri Bakıt Torobayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib. Bildirilir ki, hakimiyyət ətin bahalaşmasının qarşısını almaq, mal-qaranın sərhəddən keçirilməsinə nəzarəti gücləndirmək və onun ixracına kəmiyyət məhdudiyyətləri qoymaq istəyir. 

İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Xidmətinə ölkə ərazisində ətin qiymətlərinin mütəmadi olaraq monitorinqini və təhlilini aparmaq tapşırılıb. Baytarlıq Xidmətinə və heyvandarlıq sahəsində digər idarələrə şəxsi mal-qara daşıyıcılarına sanitar nəzarəti gücləndirmək tapşırılıb. Hakimiyyət sərhədçilərlə birlikdə heyvanların qeyri-qanuni ixracına qarşı da mübarizə aparacaq. 

Qeyd edək ki, Qırğızıstan ət və ət məhsullarına tələbat böyük olduğu üçün möhtəkirlər əhalinin bu durumundan istifadə edərək qiymətləri vaxtaşırı artırmaqla daha çox pul qazanmaq istəyirlər. 

Azərbaycanda da oxşar mexanizmlərin tətbiqi mümkündürmü?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Qırğızıstanla Azərbaycan arasında ət bazarı baxımından ciddi fərqlər mövcuddur: 

“Birincisi, Qırğızıstan və Azərbaycandakı vəziyyət arasında ciddi fərqlər var. Qırğızıstan hökuməti hesab edir ki, ölkə daxilində kifayət qədər ət istehsal olunur və bu istehsal daxili tələbatı ödəmək potensialına malikdir. İndi bu yanaşmanın nə dərəcədə real olduğunu söyləmək çətindir, lakin görünən odur ki, hökumət yerli istehsalı daxili bazara yönəltmək və ixracı məhdudlaşdırmaq niyyətindədir. 

Yəni ölkədən ət ixracı azalsın, yerli istehsal hesabına daxili tələbatın ödənilməsi təmin edilsin. Amma indi bu da inandırıcı deyil ki, Qırğızıstanda doğrudan da vəziyyət belədir. Ola bilsin ki, orada da istehsal aşağı səviyyədədir. Sadəcə olaraq, orada hökumət bu gerçəkliyi açıq şəkildə etiraf etmək istəmir”. 

Akif Nəsirli qeyd edib ki, Azərbaycanda bu cür inzibati metodların tətbiqi heç də işin xeyrinə olmaz: 

“Azərbaycana gəldikdə isə bu cür inzibati metodların, yəni dövlət tərəfindən qiymətə və ixraca müdaxilənin tətbiqi effektiv nəticə verməz. Çünki Azərbaycandan ət ixracı onsuz da minimum səviyyədədir. Ölkədə ət istehsalı azdır və bu göstərici getdikcə daha da azalır. Ölkə daxilində ətin qiymətinin bahalaşması ölkədə ətin qıt olması ilə bağlıdır. 

Bunun başqa problemi yoxdur. Ona görə də hesab edirəm ki, Qırğızıstanda tətbiq edilən qaydaları Azərbaycanda tətbiq etmək heç cür fayda verməz. Digər tərəfdən, bazar iqtisadiyyatının əsas prinsiplərindən biri qiymətlərin liberallığıdır. 

Qiymət nə qədər çox dövlət nəzarətində olarsa, bir o qədər də bazar iqtisadiyyatından uzaqlaşmış olarıq”. O bildirib ki, hazırda Azərbaycanda bazar iqtisadiyyatını zədələyən iki əsas amil var:

 “Bunlardan biri dövlət nəzarətində olan qiymətlər, ikincisi isə inhisarçılıqdır. Bu iki amil Azərbaycanda bazar iqtisadiyyatını şikəst edir. İndi biz bu nəzarətdə olan qiymət nomenklaturasının sayını artırmaqla bu “əlilliyi” bir qədər də artıra bilərik”. 

Seçilən
11
cebheinfo.az

1Mənbələr