AZ

“DİM-in sistemi dəyişməlidir – həkim olmaq istəyən müəllimə çevrilir” – Məzahir Məmmədli

“Hər il olduğu kimi bu il də abituriyentlər, onların valideynləri və yaxınları kifayət qədər gərginlik içindədirlər. Halbuki bu il əvvəlki illərlə müqayisədə 5 min nəfər artıq qəbul planı nəzərdə tutulub. Bu isə o deməkdir ki, builki qəbulda əlavə 5 min abituriyent universitetlərə daxil ola biləcək. Amma təəssüf ki, bu gün TikTok da daxil olmaqla bütün sosial şəbəkələrdə abituriyentlərə qarşı bir növ “sıxışdırma kampaniyası” başlayıb. Müxtəlif şəxslər — istər bu sahəni bilən, istərsə də bilməyən insanlar — abituriyentləri cəlb etməyə çalışırlar ki, onlara ixtisas seçimi və kodlaşdırmada kömək etsinlər. Məmnuniyyətlə demək istəyirəm ki, Azərbaycanda bu sahənin peşəkar mütəxəssisləri var və onlar həm əmək bazarını, həm də real ehtiyacları nəzərə alaraq doğru istiqamətləndirmə edə bilirlər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Xatırladaq ki, avqust ayının ortalarında ali təhsil müəssisələrində ixtisas seçimi başlanacaq. Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov bildirib ki, qabiliyyət imtahanları və apellyasiyalar hələ davam edir, ixtisas seçimi isə onların yekunlaşmasından sonra başlayacaq.

Ekspert bildirib ki, bu sahədə müəyyən maliyyə qazanmaq imkanı yarandığı üçün artıq hər kəs bu işə can atır.

“Təəssüf edirəm ki, bu vəziyyət abituriyentlər üçün əlavə çaşqınlıq və təzyiq yaradır. Bu tribunadan istifadə edib valideynlərə demək istərdim ki, övladlarına bir az güvənsinlər. Bəzi “prestijli” hesab olunan ixtisaslar var ki, abituriyentlər, xüsusilə orta bal toplayanlar, bu ixtisaslara necə daxil ola biləcəklərini bilmədiklərindən çıxılmaz vəziyyətdə həmin mərkəzlərə və fərdi “konsultantlara” üz tuturlar. Bu gün “kodlaşdırma” adlı bir mexanizm ortaya çıxıb və artıq bir çoxları bu istiqamətdə xidmət göstərməyə başlayıb. Amma mən həmin valideynlərin və abituriyentlərin halına acıyıram, çünki 15 ixtisas seçmək imkanları olsa da, bir çoxu bu hüquqdan düzgün istifadə edə bilmir. Daha yaxşı olar ki, abituriyentlər arzuladıqları və topladıqları bala uyğun gələn 3–5 ixtisası prioritet kimi seçsinlər. Qalan 10 ixtisas isə ödənişli və ya özəl imkanlar üçün istifadə oluna bilər. Azərbaycanda bir neçə prestijli ixtisas var ki, onlara qəbul üçün minimum bal 600 və ya daha çox olmalıdır. Məsələn: Tibb Universiteti, Bakı Dövlət Universitetinin Hüquq fakültəsi, eləcə də bəzi iqtisadiyyatla bağlı ixtisaslar. Hər ixtisas qrupu üzrə belə nüfuzlu fakültələr mövcuddur və orta balı 500-dən yuxarı olan abituriyentlər əsasən bu ixtisaslara maraq göstərirlər. Düşünürəm ki, Dövlət İmtahan Mərkəzinin sisteminə yenidən baxmaq, onu təkmilləşdirmək lazımdır. Bu model bu şəkildə davam edə bilməz. Dünyanın heç bir yerində ixtisas qruplarına əsasən seçim edilmir. Əvvəlcə ixtisas seçilir, sonra ona uyğun imtahan verilir. Amma bizdə əksinədir – əvvəl qrup seçilir, sonra isə həmin qrupa uyğun ixtisaslar təklif olunur. Nəticədə həkim olmaq istəyən kimya-biologiya müəllimi, hüquqşünas olmaq istəyən tarix müəllimi, jurnalist olmaq istəyən isə filoloq olur. Bu məsələlərdə ciddi islahatlara ehtiyac var”.

Rəfiqə Namazəliyeva,

AzNews.az

Seçilən
8
aznews.az

1Mənbələr