"Meta" şirkətinin Baş direktoru Mark Zukerberq süni intellekt sahəsində yeni strategiyasını açıqlayıb. “Şəxsi super zəka” adlanan bu yanaşma süni intellektin insanlara fərdi məqsədlərinə çatmaqda kömək etməsini hədəfləyir.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Zukerberq bildirib ki, super zəkanın faydaları dünya ilə paylaşılmalıdır, lakin bu, eyni zamanda yeni təhlükəsizlik riskləri yaradır. Onun sözlərinə görə, "Meta" artıq süni intellekt modellərinin açıq mənbə kimi təqdim olunması ilə bağlı qərarlarını daha ehtiyatla verəcək.
Bu yanaşma "Meta"nın indiyə qədər tətbiq etdiyi açıq mənbə strategiyası – xüsusilə “Llama” model ailəsi ilə ziddiyyət təşkil edir. Şirkət rəqabət və təhlükəsizlik səbəbilə bəzi qabaqcıl modelləri paylaşmamaq qərarına gələ bilər.
"Meta" bu ilin iyun ayında ümumi süni zəka (AGI) istiqamətində böyük sərmayələr yatıraraq “Scale AI”yə 14,3 milyard dollar investisiya edib və “Meta Superintelligence Labs” adlı yeni bölmə yaradıb.
Məlumata görə, şirkət “Llama”nın son versiyası olan “Behemoth” modelinin testlərini dayandırıb və qapalı sistemlərə üstünlük verməyə başlayıb.
Mark Zukerberq vurğulayıb ki, "Meta" rəqibləri olan "Google" və "OpenAI"-dən fərqli olaraq süni zəkanı daha çox fərdi istifadə üçün inkişaf etdirəcək. Şirkət bu texnologiyanı artırılmış və virtual reallıq cihazları ilə inteqrasiya etməyi planlaşdırır. Onun sözlərinə görə:
“Eşitdiyimizi eşidə, gördüyümüzü görə bilən və gün ərzində bizimlə qarşılıqlı əlaqədə olan eynəklər gələcəyin əsas kompüterlərinə çevriləcək”.
"Meta"nın sözçüsü isə bildirib ki, şirkət açıq mənbə siyasətinə sadiq qalır, lakin bütün modellərin paylaşılması heç vaxt planlaşdırılmayıb. Gələcəkdə həm açıq, həm də qapalı modellərin hazırlanması davam etdiriləcək.
Bəsti Rəfizadə
Sfera.az