Kiyev, 31 iyul, AZƏRTAC
Kiyevdə Rusiyanın gecə hücumundan sonra dağıntıların təmizlənməsi işləri davam etdirilir.
Svyatoşinski rayonunda çoxmərtəbəli binanın dağıdılmış girişində xilasedicilər daha bir meyit aşkar ediblər.
Bu barədə AZƏRTAC Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun bəyanatına istinadla xəbər verir. O qeyd edib: “Bu binaya endirilən zərbə nəticəsində artıq altı, Kiyevdə isə ümumən 8 ölü var”.
Qeyd edək ki, iyulun 31-nə keçən gecə Rusiya ordusu raketlər və kamikadze pilotsuz uçuş aparatlarından istifadə etməklə Kiyevə hücuma keçib. Rusiya qoşunlarının əsas hədəfi paytaxtın mülki infrastrukturu, xüsusən də yaşayış məntəqələrində yerləşən çoxmərtəbəli binalar olub.
Svyatoşinski, Solomenski, Qoloseyevski və Şevçenkovski rayonları ən böyük dağıntıya məruz qalıb.
Svyatoşinski rayonunda raketin birbaşa zərbəsi çoxmərtəbəli binanın girişini tamamilə dağıdıb. Zərərçəkənlər hələ də dağıntılar altından çıxarılır. Dağıntı yerində xilasedicilər, həkimlər və bütün müvafiq xidmətlər işləyir.
Ümumilikdə, raket zərbəsindən sonra Ukrayna paytaxtında bir uşağın öldüyü, hücum zamanı çağırışa cavab verən polis əməkdaşları da daxil olmaqla onlarla insanın yaralandığı məlum olub.
Hücum nəticəsində 100-dən çox obyektə, yaşayış binaları ilə yanaşı, təhsil ocaqlarına, xəstəxanalara, uşaq bağçalarına və universitetə də ziyan dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev