“Qarabağ”ın hücumameyilli yarımmüdafiəçisi, fransalı futbolçu Abdulla Zubir avrokuboklarda 100-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
33 yaşlı fransalı yarımmüdafiəçinin yubileyi UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”la (İrlandiya) cavab görüşünə (1:0) təsadüf edib. O, qitə kuboklarında 2018-ci ildə debüt edib. Zubir avrokuboklarda yalnız “Qarabağ”ın formasını geyinib.
Yarımmüdafiəçi UEFA Çempionlar Liqasında 34, Avropa Liqasında 50, Konfrans Liqasında 16 matça çıxıb. O, bu görüşlərdə vurduğu 14 qolla Azərbaycan klublarının ən yaxşı bombardiridir.
Abdulla Zubir Azərbaycan klublarının heyətində 100 və daha çox avrokubok oyunu keçirən ilk legionerdir. Ona qədər yalnız üç futbolçu “100”ü arxada qoyub. Bunlar Maksim Medvedev, Qara Qarayev və Rəşad Sadıqovdur.