“Qarabağ”ın sabiq futbolçusu, seneqallı hücumçu İbrahima Vadji bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə Tovuz klubunun rəsmi saytına istinadən xəbər verir.
Bildirilir ki, son olaraq Fransa təmsilçisi “Sent Etyen”də çıxış etmiş hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə “Qaziantep BB”, Norveçdə “Molde” və “Hauqesund” kimi klubların da şərəfini qoruyub.
İbrahima Vadji 2021/2022-ci illər mövsümündə formasını geyindiyi “Qarabağ”da 36 oyuna 20 qol vurmuş, 3 məhsuldar ötürmə vermişdi. Ağdam klubu “Hauqesund” klubundan 600 min avroya transfer etdiyi Vadjini bir il sonra “Sent Etyen”ə 1 milyon avroya satmışdı. “Turan Tovuz” isə bu yay Fransa klubundan azad agent kimi ayrılmış hücumçunu heyətinə pulsuz qatıb.
Vadji “Sent Etyen”də keçirdiyi 51 oyunda 13 qol vurub, 4 məhsuldar ötürmə verib.
“Turan Tovuz” daha öncə David Tavares, Abdulla Rzayev, Roberto Olabe, Oleq Baklov və Filip Ozobiçi də heyətinə qatmışdı. İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev və Orxan Əliyev isə komandanı tərk ediblər.