Moskvada keçirilən görüşdən sonra Suriyanın Xarici İşlər Naziri Əsəd Əl-Şeybani Rusiya ilə münasibətlərin yaxın gələcəkdə “əla istiqamətdə” inkişaf edəcəyinə inandığını bildirib.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Əl-Şeybani Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla birgə mətbuat konfransında vurğulayıb ki, Dəməşq gələcəkdə bütün ölkələrə bərabər münasibət göstərəcək və əməkdaşlığı yalnız öz suverenliyinə hörmət çərçivəsində quracaq:
“Biz Rusiyadan bu mövqeyə dəstək eşitmişik və şadıq ki, münasibətlərimiz çox yaxın zamanda daha da inkişaf edəcək”, – deyə o qeyd edib.
Nazir əlavə edib ki, görüş zamanı əvvəlki razılaşmalara yenidən baxılmasına və birgə hökumətlərarası komissiyanın yenidən formalaşdırılmasına qərar verilib. Məqsəd mövcud mexanizmlərin xalqa daha səmərəli xidmət etməsini təmin etməkdir.
Əl-Şeybani həmçinin iki ölkə arasındakı əlaqələrin tarixi xarakter daşıdığını bildirib:
“Biz iqtisadi dirçəliş mərhələsindəyik, bizə dostlar və tərəfdaşlar lazımdır. Keçmişdən gələcək üçün faydalı dərslər alaraq möhkəm addımlarla irəliləyəcəyik”, – deyə o vurğulayıb.
Fidan Hacızadə
Sfera.az