AZ

Rusiya Ukrayna ssenarisini xatırlatdı: Bakı və İrəvana NATO xəbərdarlığı

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova son açıqlamasında həm Ermənistanın, həm də Azərbaycanın NATO ilə yaxınlaşmasının region üçün risklər yaratdığını bildirib.  Münasibətlərin gərgin olduğu bir vaxtda bu cür bəyanat Kreml tərəfindən hansı mesajı ehtiva edir? Rusiya bununla Cənubi Qafqaz ölkələrinə nəyi xatırlatmaq və ya hansı təzyiqi göstərmək istəyir? 
 
Moderator.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı yeni bir format deyil. Bu münasibətlər hələ 90-cı illərin ikinci yarısından, xüsusilə Birinci Qarabağ müharibəsi bitdikdən sonra formalaşıb və ötən dövr ərzində demək olar ki, ənənəvi formatda davam etdirilib. Onun sözlərinə görə, söhbət Azərbaycan hərbçilərinin NATO təlimlərində iştirak etməsindən, Azərbaycan Ordusunun NATO standartlarına uyğunlaşdırılmasından və bir sıra NATO tədbirlərində Azərbaycanın hərbi rəsmilərinin iştirakından gedir:
 
"O cümlədən Ermənistanda hakimiyyət dəyişikliyindən sonra, baxmayaraq ki, Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına inteqrasiyası istiqamətində addımlar atıb və müvafiq qərarlar qəbul olunub, NATO-nun genişləndirilməsi və yaxud Ermənistanın bu alyansa üzvlüyü ilə bağlı hər hansı bir məsələ rəsmən bəyan edilməyib.
Son illər dəyişən yeganə məsələ ondan ibarətdir ki, Moskvanın Cənubi Qafqaz ölkələrinə, xüsusilə də Azərbaycan və Ermənistana münasibətinin pisləşməsi fonunda bu ölkələrlə Rusiya arasında ciddi etimadsızlıq müşahidə olunur. Belə bir şəraitdə Rusiya Cənubi Qafqaz ölkələrinin öz təhlükəsizliklərini fərqli alyanslarda və ittifaqlarda görmək istəməsindən narahatlıq keçirdiyini ifadə edir. Lakin qeyd etdiyim kimi, bu gün Rusiyanın belə bir narahatlıq keçirməsi üçün ciddi əsaslar mövcud deyil. Sadəcə, Rusiya həm Azərbaycana, həm də Ermənistana münasibətdə imperiya vassal təfəkküründən uzaq, bərabərhüquqlu və normal qonşuluq prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlər qurarsa, bu ölkələrlə əvvəlkindən də daha etibarlı və sağlam qonşuluq münasibətləri formalaşa bilər və bu fonda onların digər dövlətlərlə, o cümlədən hərbi-siyasi ittifaqlarla əməkdaşlığından narahatlıq keçirməz.
 
"Rusiya tərəfinin əsas narahatlığı ondan ibarətdir ki, bu dövlətlərin digər ittifaqlarda yer alması onun vassal siyasətinə mane ola bilər. Məhz buna görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü hər iki ölkəni NATO ilə əməkdaşlıq edəcəkləri təqdirdə Ukrayna ssenarisinin təkrarlanacağı ilə təhdid etməkdən belə çəkinmir. Amma hesab edirəm ki, Rusiya artıq əvvəlki qüdrətində deyil. Xüsusilə də qonşu ölkələrə qarşı yürütdüyü aqressiv siyasət səbəbindən, gec-tez bu ölkələr ya mövcud təhlükəsizlik təşkilatı olan NATO-ya qoşulacaq, ya da digər dövlətlərlə birgə yeni təhlükəsizlik ittifaqları yaradacaqlar", – deyə Taleh Əliyev qeyd edib.
 
 Mehin Mehmanqızı
 
Seçilən
4
moderator.az

1Mənbələr