ABŞ kimi dövlətlər Azərbaycanın regionda yaratdığı mövcud reallıqları dərk edərək, proseslərə daha diplomatik yanaşır və qazanclı çıxmaq üçün bu yolun əsas düyün nöqtəsinə çevrilən Zəngəzur dəhlizinin açılmasına və bunun üçün də Ermənstanın sülh sazişinin imzalanmasına yönəlik konstruktiv mövqe sərgiləməklə önə çıxır. ABŞ-nin Zəngəzur dəhlizinə nəzarətə iddia etməsi 2020-ci il 10 Noyabr Bəyannaməsinin 9-cu bəndinə ümid edən Rusiyanın maraqlarına toxunur. Buna görə də son vaxtlar Şimal qonşumuzdan da Azərbaycana qarşı növbəti açıq təhdidlər yağdırılır. Bu dəfə havada mülki təyyarə deyil, bəyanatlar “partladılır”. Rusiya gərgin şəraitdə hər cür zəif bənddən özünün maraqları üçün istifadə etməyə çalışır. Belə bir gərgin mühitdə Makron Fransası açıq şəkildə Azərbaycanın üzərinə gəlir və vaxtilə torpaqları işğal altında saxlayan, dağıdan, azərbaycanlılara qarşı soyqırımıları, qətliamlar törədən Ermənistanı, az qala, “ədalətsizliyə” məruz qalan qurban kimi qoruyacağını bəyan edir. Fransanın ölkəmizə qarşı bu ədalətsiz yanaşması ABŞ və Rusiyanın əks-reaksiyası ilə qarşılanmır. ABŞ-nin təbliğatı Rusiyanı regiondan sıxışdırmaq, bölgəyə daxil olmaqdır. Rusiyanın təbliğatı isə Azərbaycana təsir, təzyiq göstərib, regionda söz sahibi olaraq qalmağı təmin etməkdir. Bunun üçün də Ermənistandan bir vasitə kimi istifadə cəhdləri davam edir. Belə bir vəziyyətdə Ermənistanın sülh sazişini imzalamaqda nə dərəcədə səmimi olduğu da şübhəlidir. Bu paraleldə Fransa yenə də əsas “qladiator” kimi ortaya atılıb və Azərbaycan əleyhinə qətnamələr yağdırır. Fransa Milli Assambleyası Ermənistanın təhlükəsizliyinin təmin olunması və Bakıda müttəhimlər kürsüsündə cavab verən erməni separatçılarının azad olunmasını tələb edən qətnamə hazırlayır.
Fransa bu cür qərəzli siyasəti ilə nəyə nail olmağa çalışır? Azərbaycana qarşı qətnamə vəziyyəti dəyişə biləcəkmi?
Fransanın Avropa Birliyini yenidən vasitəçi kimi görmək niyyəti
Siyasi analitik Aydın Quliyev bildirir ki, Fransanın Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə bu ölkənin bütün siyasətinin mahiyyətini açıb ortaya qoyur. Fransa Azərbaycanın diplomatik təsiri ilə dünyanın başqa bölgələrində gedən antimüstəmləkə etirazları ilə barışa bilmir, açıq-aşkar Azərbaycandan qisas almağa çalışır.
A.Quliyev Fransa parlamentinin qəbul etdiyi anti-Azərbaycan qətnaməsinin Əbu-Dabi görüşündən sonraya düşməsini də təsadüfi hesab etmir:
“Bu, o deməkdir ki, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə vasitəçilər olmadan ikitərəfli görüşün ən uğurlu format olduğunu təsdiqləmələri Fransanın son ümidlərinə də qələm çəkib. Belə ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında vasitəçi kimi iştirak etmək şanslarının tam itirildiyini başa düşür. Bunun nəticəsində quduzlaşır. Bu prosesin Azərbaycanın fəallığı ilə baş verməsi ilə barışa bilmir. Belə şəraitdə Fransa parlamentində qəbul edilən həmin qərar ermənipərəst qüvvələrin əsl simasını ortaya qoyur. Bu qətnamə vaxtilə keçmiş Dağlıq Qarabağ münaqişəsində Azərbaycana qarşı ən qisasçı və sərt addımlar atmış fransız deputatlarının iştirakı ilə hazırlanıb. Eyni zamanda, bu qətnamə Ermənistanın sülh prosesində, guya, fəal rolunun dəstəklənməsində görüntü yaratmaq istəyir. Halbuki Ermənistan sülh prosesində sazişin bağlanması məqsədi ilə iştirak etmir. Ermənistanın məqsədi sülh prosesində iştirak etmək görüntüsü yaratmaq, vaxt udmaq və prosesi gecikdirməkdir. Belə şəraitdə Fransa Ermənistanın sadiq və uzun illərin dostu kimi bu taktikaya dəstək verir, onun sülh prosesində iştirakını, guya, həqiqi niyyət və sağlam düşüncənin məhsulu olduğunu dünyaya çatdırmaq istəyir. Elə buna görə də Fransa parlamentində qətnaməyə “Ermənistanın sülh prosesində iştirakının dəstəklənməsi” kimi obrazlı və təntənəli bir ad qoymaq istəyirlər”.
Ekspert, eyni zamanda, Fransanın Bakıda mühakimə olunan separatçıların azadlığa buraxılması ilə bağlı qaldırdığı məsələyə də diqqət çəkib. Bildirib ki, bu, Fransanın növbəti dəfə nə qədər ədalətsiz və qərəzli mövqe tutduğunu ortaya qoyur:
“Artıq tarixə qovuşmuş keçmiş “Dağlıq Qarabağ”, “Artsax” ifadələrinin bu qətnamədə gündəmə gətirilməsi və Azərbaycandan öz xoşları ilə köçüb-getmiş ermənilərin hüquqları və təhlükəsizliyi məsələsinin yenidən gündəmə gətirilməsi Fransanın qərəzli olduğunu və bölgədə yaradılmış reallıqlarla barışmadığını göstərir. Bu, eyni zamanda, Fransanın Avropa Birliyini bölgəmizdə danışıqlara yenidən vasitəçi kimi qatmaq niyyətini göstərir. Buna görə də bu cür cəhdlərin heç bir perspektivi olmayacaq”.