Bakı Hərbi Məhkəməsində iyulun 31-də məhkəmə prosesində zərərçəkmiş şəxs Emin Məmmədov ifadəsində AzTV-nin əməkdaşı qismində çəkilişlər üçün Kəlbəcərə ezam olunduğunu, 2021-ci il iyunun 4-də nəqliyyat vasitəsilə hərəkət edərkən rayonun Susuzluq kəndində Ermənistan silahlı qüvvələrinin basdırdığı tank əleyhinə minanın partladığını bildirib.
O, hadisə nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla dörd nəfərin bədən xəsarətləri aldığını söyləyib.
E.Məmmədov dövlət ittihamçısının suallarına cavabında hadisə baş verən yolun əvvəllər istifadə edilmiş yol olduğunu bildirib. “Fikrimcə, mina diversiya nəticəsində sonradan yerləşdirilib”, - deyə o əlavə edib.
Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərin də suallarını cavablandırıb.