"Son illər paytaxtda və böyük şəhərlərdə aparılan infrastruktur layihələri, yol genişləndirmə və yenidənqurma işləri nəticəsində plana düşən evlərin sayı artmaqdadır. Bu proses çərçivəsində sakinlər üçün əsas suallardan biri isə plana düşən evlərin dövlət və ya aidiyyəti qurumlar tərəfindən nə qədər qiymətləndirilməsidir. Bu məqamda evin hüquqi statusu-sənədli və ya sənədsiz olması-qiymətləndirmədə əsas meyar hesab olunur". Bu sözləri SİA-ya açıqlamasında Daşınmaz əmlak üzrə ekspert Anar Nəsirov deyib.
Onun sözlərinə görə, əgər evin mülkiyyət sənədi (kupçası) varsa və rəsmi şəkildə qeydiyyata alınıbsa, həmin ev bazar dəyəri əsasında qiymətləndirilir. Bu zaman qiymətə evin yerləşdiyi ərazi, tikintinin keyfiyyəti, sahəsi, tikinti materialları, əlavə tikililər və digər faktorlar təsir edir. Məsələn, sənədli evlər üçün Bakının mərkəz hissəsində qiymət 1500–2000 AZN/m² aralığında ola bilər, kənar ərazilərdə isə bu rəqəm 800–1300 AZN/m² arasında dəyişə bilir. Bəzi hallarda evin tam bazar qiyməti ödənilir, bəzən isə orta bazar göstəricisi əsasında kompensasiya təklif olunur: "Digər tərəfdən, sənədsiz evlər-yəni mülkiyyət hüququnu təsdiq edən heç bir rəsmi sənədi olmayan tikililər – çox zaman daha aşağı qiymətlərlə dəyərləndirilir. Belə hallarda qiymət evin sahəsi və yerləşdiyi torpaqla bağlı mövcud normativlərə əsasən hesablanır. Çox vaxt bu cür evlərə torpağın normativ qiyməti və tikilinin tikinti materiallarına əsaslanan qiymət təklif edilir. Nəticədə sənədsiz evlərin kompensasiya məbləği sənədli evlərə nisbətən 30–50% aşağı ola bilər. Məsələn, sənədsiz bir ev üçün təklif edilən məbləğ bəzən 400–600 AZN/m² civarında olur. Bu sahədə müəyyən yumşalmalar müşahidə olunsa da, sənədsiz ev sahibləri tez-tez qiymətləndirmədən narazı qalır. Bunun əsas səbəbi isə onların evlərinin bazar dəyərində deyil, daha çox texniki və normativ göstəricilərə əsasən qiymətləndirilməsidir. Eyni zamanda, bəzi hallarda evin sənədsiz olması torpağın da hüquqi statusunu qeyri-müəyyən edir ki, bu da ümumi kompensasiya məbləğini azaldır. Ən optimal həll yollarından biri evlərin vəziyyətindən asılı olmayaraq vahid və şəffaf qiymətləndirmə mexanizminin yaradılmasıdır. Belə olduqda vətəndaşlar da öz hüquqlarını daha aydın şəkildə biləcək və kompensasiya ilə bağlı narazılıqlar minimuma enəcək. Mülkiyyətlərində olan evlərin hüquqi statusunu əvvəlcədən qaydaya salsınlar. Çünki gələcəkdə hər hansı plana düşmə və ya dövlət ehtiyacları üçün alınma halında bu, həm hüquqi, həm də maliyyə baxımından onların maraqlarını daha yaxşı qoruyacaq".