“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsində dəyişiklik edilib.
Sitat.info xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Xidmətin İcraçı direktorunun üç müavini olacaq. Bundan əvvəl müavinlərin sayı bir idi.
Nizamnaməyə əsasən, Xidmətin cari fəaliyyətinə rəhbərliyi İcraçı direktor həyata keçirir. İcraçı direktor Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Şura tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən üç müavini var.
***
Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 28 fevral tarixli 1847 nömrəli, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 6 iyun tarixli 119 nömrəli, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli 323 nömrəli və “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın təsdiq edilməsi haqqında” 2020-ci il 30 iyul tarixli 1119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanda deyilir:
1. “Azərbaycan Dövlət Tərcümə Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 fevral tarixli 1847 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 211 (Cild I) 1-ci hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlər əlavə edilsin:
“3.1.40-1. müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;
3.1.40-2. Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək;”.
3. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 323 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 11, maddə 2236 (Cild I); 2024, № 5 (I kitab), maddə 529) 2-ci hissəsi ləğv edilsin.
4. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 899 (Cild I); 2024, № 4, maddə 373, № 6 (I kitab), maddələr 654, 675, № 8, maddə 948; 2025, № 1, maddə 29, № 3, maddə 224) ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nın 9-cu və 24-cü hissələri ləğv edilsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli 506 nömrəli Fərmanı ilə yaradılmış Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.