Cənubi Afrika Respublikası (CAR) 1 avqustdan etibarən qüvvəyə minəcək 30 faizlik gömrük tarifindən azad olmaq qarşılığında ABŞ-a 15,3 milyard dollar dəyərində investisiya və enerji məhsulu alışı təklifinə cavab gözləyir.
Valyuta.az xəbər verir ki, Cənubi Afrika Ticarət, Sənaye və Rəqabət Nazirliyinin yaydığı yazılı açıqlamaya görə, ABŞ-ın cümə günündən tətbiq edəcəyi gömrük tarif artımından azadolma və ya maksimum 10 faizlik tarif tətbiqi üçün ABŞ rəsmiləri ilə danışıqlar davam edir.
Açıqlamada qeyd olunur ki, ABŞ-a mədən və metal sektorlarında 3,3 milyard dollarlıq investisiya və 10 il ərzində ümumilikdə 12 milyard dollarlıq mayeləşdirilmiş təbii qaz (LNG) alışı öhdəliyi təklif olunub.
Cənubi Afrika ilə ABŞ arasında pozulan münasibətlərin bərpasına dair qətiyyət ifadə olunan açıqlamada vurğulanıb: “Cənubi Afrika ilə ABŞ arasındakı mövcud çıxılmaz vəziyyəti ən yaxşı şəkildə təsvir edən amil daxili və ticarət məsələlərinin geosiyasi faktorlarla kəsişməsidir və bu səbəbdən münasibətlərin yenidən qurulması qaçılmazdır.”
Nazirlik həmçinin ABŞ rəsmilərindən yekun cavab gözlədiklərini, bununla yanaşı, mənfi ssenarilərə qarşı da hazırlıq görüldüyünü qeyd edib.
ABŞ Ticarət Nazirliyinin məlumatına əsasən, Cənubi Afrika ABŞ-ın Afrika qitəsindəki ən böyük ticarət tərəfdaşıdır və tərəflər arasında ikitərəfli ticarət dövriyyəsi 2024-cü ildə 20,5 milyard dollara çatıb.
Cənubi Afrika ötən il ABŞ-a əsasən mədən, avtomobil və kənd təsərrüfatı sahələri üzrə 14,8 milyard dollar dəyərində ixrac həyata keçirib.
Əlavə gömrük tariflərinin ölkədə xüsusilə avtomobil və sitrus meyvə sektorlarına ciddi zərər vuracağı proqnozlaşdırılır.
Cənubi Afrika Mərkəzi Bankının rəhbəri Lesetja Kqanyaqo, tarif artımının 100 mindən çox insanın işini itirməsinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Əhalisi 63 milyon olan ölkədə işsizlik yüksək səviyyədə qalmaqda davam edir; 2025-ci ilin birinci rübündə ümumi işsizlik səviyyəsi 32,9 faizə, gənclər arasında isə bu göstərici 46,9 faizə yüksəlib.
Paşa Məmmədli