Kiminsə fanatı olmaq, kimisə acgözlüklə izləmək həmişə təbiətimə yad olub. Bəyənərəm, xoşum gələr, rastıma çıxanda ötürməyib dinləyərəm ən uzağı. Məsələn, Habil müəllimi və tələbələrini, Zabitə Əliyevanın videoları, korifey müğənnilərin ifaları qarşıma çıxır, axıradak qulaq asıram. Çox təəccüblənirəm, məşhur müğənnini, modeli, blogeri hərisliklə izləyən, hər addımına bələd olan, nə yediyini, nə içdiyini, hara gedib-gəldiyini izləyən insanları görəndə. Hələ səhnəsinə çıxmaq üçün özünü öldürən, ağlayan, isterik vəziyyətə düşənlərə yazığım gəlir.
Axır illərdə bir bloger-influencer xəstəliyi yaranıb. Mənə görə bir blogeri həyatının mərkəzinə yerləşdirib bütün günü nə yediyini, nə içdiyini izləyən adamlar natamam adamlardır. Hərisliklə video paylaşmasını gözlədikləri blogerlərin onların hesabına yağ-bal içində yaşamasına görə ömürlərindən, günlərindən qiymətli dəqiqələrini verir insanlar.
Əvvəllər blog yazanlar vardı, paylaşırdılar təəssüratlarını, səfər xatirələrini, hər hansı kitab barədə düşüncələrini, oxuyurduq. Yaxud da hansısa ölkəyə səfər edib tarixini, coğrafiyasını, mədəniyyətini göstərirdilər, baxıb nəsə öyrənirdin. Amma indi özünə bloger deyənlərin bildiyi bir şey var, geyinib-gecinib foto çəkdirsin, restoran-restoran sülənsin.
Hələ kamera qarşısında ağızının suyunu tökə-tökə yemək yeyən yerli blogerləri izləyən, makiyaj edəndə, yatanda canlı açanları hərsiliklə izləyən insanlarla bir cəmiyyətdə yaşamağın çətinliyini demirəm. Bir kitab oxumazlar, bir sənədli film izləməzlər, amma acgözlüklə bloger səhifələrini izləyərlər. Onlar izləyir, o başı-gözü bir qəpiyə dəyməyən məşhurlar qazanır.
İnanın ki bir məclisdə söhbət eləməyə adam tapmırsan. Biri hansısa qıjı müğənninin yeni mahnısından danışır, o biri hansısa bir blogerin geyindiyi ayaqqabıdan, başqası bir influencerin ərinin aldığı hədiyyədən. İnsan boğulur ünsiyyətsizlikdən, bir məclis adam ola, danışmağa mövzu tapmayasan...
Olmasaydı dünyada sarsaqlar, şübhəsiz ki, ac qalardı blogerlər, influencerlər, tiktokerlər...
Lalə Mehralı, sosioloq