AZ

İnternet qiymətlərində "kartel sövdələşməsinin" 1 ili tamam olur

"Gələn ay Azərbaycanda bütün provayderlərin eyni anda internet qiymətlərində minimal tarifləri qaldırmasının bir ili tamam olacaq.

Ötən il məhz "Aztelekom" dövlət provayderi ilk olaraq 15 avqustdan etibarən minimal tariflərin qaldırılacağını açıqladı. Ardınca digər provayderlər də eyni addımı atdı. Nəticədə hazırda bütün provayderlərdə minimal aylıq internet tarifi 25 manat təşkil edir.

O zaman belə bir addımın ilk olaraq dövlət provayderi tərəfindən atılması diqqət cəlb etmişdi".

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz özünün feysbuk hesabında yazıb.

O, qeyd edib ki, internetin sürətinin artırılması və ölkə üzrə daha geniş əlçatanlığın təmin olunması istiqamətində son zamanlar atılan addımlar təqdirəlayiqdir:

"Lakin istifadəçilərə tələbat baxımından alternativ seçim imkanlarının verilməməsi, məcburi tariflərə qoşulmanın təşviq edilməsi ciddi narahatlıq doğurur.

Ötən il bu qərarlar Antiinhisar Dövlət Xidməti tərəfindən “kartel sövdələşməsi” və “seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirilmiş, provayderlərə qarşı araşdırmalara başlanılmışdı. Amma hələ də bu araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb.

Son aylarda "Aztelekom"un daxil olduğu AZCON Holdinq, RİNN regionlarda yaşayanlar üçün daha sərfəli tariflərin tətbiq ediləcəyini və seçim imkanlarının yaradılacağını vəd etsə də, hələ ki, bu reallaşmayıb.

Ümid edək ki, 15 avqusta qədər bu problemlər öz həllini tapacaq".

T.İSMAYIL

Seçilən
53
5
redaktor.az

6Mənbələr