Avropa və Asiyanı birləşdirən, Şərqdən Qərbə uzanan Orta Dəhlizin “şah damarı” Azərbaycan coğrafiyasından keçərək dünya güclərinin diqqətini cəlb edir. Bölgənin iqtisadi, siyasi gücünü özündə cəmləyən “Bir kəmər bir yol”, Orta Dəhliz xəritəsinin Zəngəzurdan keçərək, türk dünyasına doğru şaxələnməsi Avropanı, onun əsas sözçüsü olan Fransanın timsalında maraqları toqquşan böyük dövlətləri qıcıqlandırır.
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən siyasi analitik Azər Hüseynov hesab edir ki, Azərbaycanın qarşısında duran əsas çağırışlardan biri bəzi Qərb dövlətlərinin, xüsusilə də Fransanın, ölkəmizə münasibətdə sərgilədiyi qərəzli yanaşmalardır.
Onun sözlərinə görə, Fransada qəbul edilən və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü, yaxud siyasi mövqeyini birbaşa və ya dolayı şəkildə hədəfə alan bəzi qərar və sənədlər, bu ölkənin Cənubi Qafqaz siyasətindən kənarda qalmaq istəmədiyini göstərir:
"Bu, təkcə diplomatik maraqdan irəli gəlmir, eyni zamanda, Ermənistanda və onun xaricdəki diaspor təşkilatlarında cəmlənmiş beyin mərkəzlərinin çoxvektorlu fəaliyyətinin nəticəsidir. Erməni tərəfi rəsmi danışıqları Paşinyan hökuməti vasitəsilə davam etdirsə də, paralel şəkildə beynəlxalq platformalarda – xüsusən də Avropa İttifaqı ölkələrində – anti-Azərbaycan mövqeli sənədlərin qəbuluna çalışır. Bu sənədlər beynəlxalq təzyiq mexanizminə çevrilir, Azərbaycanın siyasi manevr imkanlarını daraltmaq məqsədi daşıyır. Bu baxımdan, Azərbaycanın xarici siyasət orqanları yalnız ikitərəfli danışıqlarla kifayətlənməməli, diplomatik fəaliyyətini daha da şaxələndirməli, informasiya müharibəsində və hüquqi müstəvidə çevik reaksiyalar göstərməlidir. Diaspor fəaliyyətinin gücləndirilməsi, beynəlxalq ekspert şəbəkələri ilə əməkdaşlıq və strateji tərəfdaşlarla koordinasiyalı addımlar bu prosesin əsas tərkib hissələridir. Proses göstərir ki, təkcə Ermənistanla deyil, onun arxasında duran geniş lobbi şəbəkəsi ilə də sistemli şəkildə mübarizə aparmaq zamanıdır”.