AZ

Azərbaycan dili dünyanın ən zəngin dillərindən biridir

“Dil xalqın varlığı, milli kimliyidir. Ümummilli Lider Heydər Əliyev “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir” fikirləri ilə dilin hər bir xalqın təqdimatında rolunu önə çəkərək onu qorumağa, inkişaf etdirməyə çağırış etdi. Ulu Öndərin hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək azərbaycançılığın əsas tərkib hissələrindən biri kimi dilimizin qorunmasına göstərdiyi diqqət və qayğını görmək olar. Dahi şəxsiyyət bildirmişdir ki, hər bir dilə öz hörmət və ehtiramımı bildirir. Amma öz dilimizlə, Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin, artıq dünyada tanınmış dildir. Çağırışlarda bu məqam da xüsusi qeyd edilirdi ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz.

Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Azərbaycan dilinin qorunmasını, inkişafını əsas hədəf kimi qarşıya qoydu: “1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sözügedən Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Ana dili gününün təsis edilməsi Ümummilli Liderin bu istiqamətdə atdığı addımların əsas tərkib hissəsi oldu. “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir”.

Malik Həsənov qeyd edib ki, 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.

Millət vəkili bildirib ki, Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev daim ana dilimizə diqqət göstərir, qayğı ilə yanaşır. Dövlətimizin başçısı tərəfindən “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında”, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında”, “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” və “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalandı. Möhkən təməl uğurların davamlılığını şərtləndirən mühüm amildir. Bu gün müasir müstəqil, qalib, bütövləşən Azərbaycana hansı sahədən baxsaq böyük inkişafın, tərəqqinin, zəngin təcrübənin şahidi olaraq.

Malik Həsənov belə bir ümumiləşdirməni aparıb ki, dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin təsdiqidir. Bu mənada dilin dövlət dili statusu qazanması qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb.

Seçilən
15
19
ikisahil.az

10Mənbələr