AZ

“Qrafiklə su verilməsi qanunsuzdur” - AÇIQLAMA

Sabiq millət vəkili Etibar Əliyev bu dəfə ölkədəki su problemi ilə bağlı narazılığını ifadə edib. O, yay aylarında su çatışmazlığının dözülməz həddə çatdığını vurğulayaraq bildirib: “Nəvəmi çimizdirməyə su tapmırıq”. Məsələ ilə bağlı cavab verən aidiyyəti qurum isə bəzi ərazilərdə 4, 8 və ya 12 saatlıq qrafiklə su verildiyini açıqlayıb.


Əhalinin suya ən çox ehtiyac duyduğu dövrdə bu cür məhdudiyyətlər qanunvericiliyə uyğun hesab oluna bilərmi?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Vüsal Cəfərov bildirib ki, mövcud qanunvericilikdə suyun bu formada -  yəni “qrafiklə” verilməsi halları ayrıca norma kimi nəzərdə tutulmayıb.

“Əksinə, “Su təchizatı və tullantı suları haqqında” Qanuna əsasən, su təchizatının yalnız konkret və məhdud hallarda dayandırılmasına icazə verilir”, - deyə vəkil qeyd edib.


Qanunun 12-ci maddəsinə əsasən, hər bir su təchizatı müəssisəsi öz xidmət zonasında səmərəli və fasiləsiz su təchizatı sistemini qurmalı və onu daimi işlək vəziyyətdə saxlamalıdır.
 

Qanunda həmçinin suyun hansı hallarda dayandırıla biləcəyi də konkret göstərilir. Bunlar arasında istehlakçının yazılı müraciəti, təmir-qəza işləri, su mənbələrində ekoloji problemlər və ya ödəmələrin gecikdirilməsi kimi hallar qeyd olunub.


Vüsal Cəfərovun sözlərinə görə, suyun fasilələrlə, yəni gündəlik saatlara bölünərək verilməsi bu siyahıya daxil deyil:
 

“Qanunvericilikdə suyun hansısa məqsədlə qrafiklə, yəni 4, 8 və ya 12 saatlıq fasilələrlə verilməsi halları nəzərdə tutulmayıb. Əgər fövqəladə hal və ya texniki səbəb yoxdursa, bu praktika qanuna zidd sayılır.


Qanunun 27-ci maddəsində göstərilir ki, zəruri texniki işlər səbəbindən suyun verilməsi dayandırıldıqda, bu işlər konkret müddət ərzində başa çatdırılmalı və əhali qəza vəziyyətində alternativ su təchizatı ilə təmin edilməlidir.

29-cu maddəyə əsasən isə içməli su çatışmazlığı zamanı yalnız bağların suvarılması və ictimai məqsədlərlə verilən su müvəqqəti dayandırıla bilər”, - deyə o bildirib.
 

Hüquqşünas onu da əlavə edib ki, su təchizatının dayandırılması və ya məhdudlaşdırılması ilə bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılmalıdır. Lakin suyun bölgələrə “qrafiklə” verilməsinə dair qanuni əsas və ya müvafiq qurum ictimaiyyətə açıqlanan hər hansı normativ sənəd mövcud deyil.


“Rəsmi qurum bu qərarların səbəbini müxtəlif texniki və infrastruktur problemləri ilə əsaslandırsa da, qərarın hansı normativ-hüquqi akta və ya daxili sənədə əsaslandığı qeyri-müəyyəndir.

Bu da həm şəffaflıq, həm də hüquqi baxımdan suallar doğurur”, - deyə Cəfərov vurğulayıb.

Seçilən
15
1
olke.az

2Mənbələr