Kanada sentyabrda Birləşmiş Millətlər Təşkilatının iclası zamanı Fələstin dövlətini tanımağı planlaşdırır.
HİT.az "Fox News"a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Mark Karni bildirib.
"Biz iki dövlətli həll imkanını qorumaq, yerdəki faktların, yerdəki ölümlərin, yerdəki yaşayış məskənlərinin, yerdəki özgəninkiləşdirmələrin qeyri-mümkün olduğu həddə çatmasının qarşısını almaq üçün başqaları ilə birlikdə çalışırıq", deyə baş nazir bildirib.
Karniyə görə, bu addım Fələstinin islahat aparmaq istəyindən asılıdır, xüsusən də idarəetmə sistemi sahəsində. O, həmçinin bəyan edib ki, Fələstində 2026-cı ildə HƏMAS-ın iştirak edə bilməyəcəyi ümumi seçkilər keçirilməlidir. Kanadanın baş naziri əlavə edib: "Kanada İsrail hökumətinin Qəzzada fəlakətə yol verməsini pisləyir".
İsrail də öz növbəsində Kanadanın mövqeyini tənqid edib. İsrail Xarici İşlər Nazirliyi bildirib ki, Kanada hökumətinin mövqeyində dəyişiklik HƏMAS üçün mükafatdır.
Karninin açıqlamasına ABŞ prezidenti Donald Tramp da reaksiya verib. "Truth Social" sosial şəbəkəsində o, Kanadanın mövqeyindən narazılığını bildirib: "Vay! Kanada indicə Fələstin dövlətçiliyini dəstəklədiyini açıqladı. Bu, onlarla ticarət sazişi bağlamağı çox çətinləşdirəcək".
Bundan əvvəl Fransa və daha 14 ölkə Fələstin dövlətinin tanınmasını dəstəkləyən bəyannamə imzalayıb. Sənəddə deyilir ki, imzalayan tərəflər Fələstin dövlətini artıq tanıyıb, ifadə ediblər və ya tanımağa hazırdırlar.
Sənədi Fransa, Andorra, Avstraliya, Kanada, Finlandiya, Lüksemburq, Yeni Zelandiya, Portuqaliya, San Marino, İslandiya, İrlandiya, Malta, Norveç, Sloveniya və İspaniya imzalayıb. Bu ölkələrin heç də hamısı hələ Fələstin dövlətinin müstəqilliyini tanımayıb.
Samir