ABŞ Prezidenti Donald Tramp, Truth Social platformasında paylaşdığı açıqlamada Hindistan və Rusiya ilə iqtisadi münasibətlərə dair sərt ifadələr işlədib. Tramp bildirib ki, bu iki ölkə istəsələr, “ölü iqtisadiyyatlarını birlikdə batıra bilərlər”, onun üçün bu əhəmiyyət kəsb etmir.
News24.az xəbər verir ki, “Hindistanla çox az iş görmüşük. Onların gömrük tarifləri dünyanın ən yüksək tarifləri sırasındadır. Rusiya ilə də ABŞ arasında demək olar ki, heç bir iş birliyi yoxdur,” — deyə Tramp əlavə edib.
Tramp, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin onun haqqında dediklərinə də cavab verib. O, Medvedevin “hələ də özünü prezident hesab edən uğursuz keçmiş lider” olduğunu deyərək, onun “çox təhlükəli əraziyə daxil olduğunu” bildirib və “sözləri ilə ehtiyatlı olmalıdır” deyə xəbərdarlıq edib.
Qeyd edək ki, Medvedev Trampın Rusiya ilə bağlı “ultimatum oyunu” oynadığını iddia edərək, “Hər yeni ultimatum Rusiya ilə Ukrayna arasında deyil, ABŞ-ın özü ilə müharibəyə aparan bir təhdiddir,” — deyə cavab vermişdi.
Tramp isə daha əvvəl Rusiya ilə Ukrayna arasında razılaşma əldə olunmazsa, Rusiya və onun tərəfdaşlarına qarşı 50 gün ərzində 100% tarif tətbiq edəcəyini bəyan etmiş, bu müddəti sonradan “10-12 günə” endirəcəyini demişdi.
Xeyrənsə Piriyeva