AZ

Gənclərin iş imkanlarına həsr olunmuş forum keçirilib  

Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondu və Azərbaycan HR İnstitutunun tərəfdaşlığı ilə İdman Akademiyasında “Gənclərlə iş dünyasına baxış: İnsan resurslarının gözü ilə” adlı forum keçirilib.

Mərkəzin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, forumun əsas məqsədi gəncləri insan resursları sahəsində çalışan peşəkarlarla bir araya gətirmək, onları əmək bazarına hazırlamaq, iş həyatlarında uğur qazanmaları üçün vacib olan bacarıq və yanaşmaları aşılamaq, həmçinin şəbəkələşmə imkanlarını təmin etmək olub.

Forum çərçivəsində təşkil edilən müzakirələrdə gənclərin karyera planlaşdırması, işə qəbul prosesində diqqət yetirilməli məqamlar, əmək bazarında gəncləri gözləyən imkanlar və çətinliklər kimi məsələlərə toxunulub. Panel sessiyanın sonunda iştirakçılar suallarını mütəxəssislərə ünvanlayıblar.

Forumun praktiki hissəsində isə Azərbaycan Dəmir Yolları” QSC-nin İşə qəbul şöbəsinin rəhbəri Samirə Məmmədovanın təqdimatında CV yazılması və müsahibəyə hazırlıq mövzusunda təlim keçirilib. Təlimdən sonra təşkil olunan müsahibə simulyasiyası iştirakçılara işə qəbul prosesini real şəkildə təcrübə etmək imkanı yaradıb.

Forum gənclərin iş dünyasına daha hazırlıqlı olmalarına, insan resursları sahəsindəki peşəkarlarla birbaşa əlaqə quraraq şəbəkələşməsinə və gələcək karyera məqsədlərinə daha peşəkar yanaşmalarına zəmin yaradıb.

Seçilən
10
azerbaijan-news.az

1Mənbələr