AZ

Qəzada başı boruyla deşilmiş qızın kəllə və üzü bərpa edildi

Rusiyanın Primorye diyarında dəhşətli yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan gənc qızın həyatı həkimlərin səyi ilə xilas edilib.

AzPost bildirir ki, hadisə iyul ayının ortalarında baş verib – 24 yaşlı sərxoş sürücü Toyota Camry markalı avtomobillə hasara çırpılıb, nəticədə metaldan hazırlanmış boru ön şüşəni deşərək 20 yaşlı sərnişinin üzünü və kəlləsini ciddi şəkildə zədələyib.

Jurnalist Kseniya Sobçakın “Telegram” kanalında yazdığına görə, qız ilkin olaraq kəskin qan itirmə səbəbilə həyati təhlükə ilə üz-üzə qalıb. Həkimlər onun həyatını xilas etdikdən sonra xəstə çənə-üz cərrahiyyəsi şöbəsinə köçürülüb.

Cərrahlar qəzanın dağıtdığı kəllə sümüklərini hissə-hissə birləşdirərək titan plitələrlə sabitləyiblər. Bundan əlavə, dil tikilib, alt çənə yenidən formalaşdırılıb və implantlarla möhkəmləndirilib. Eyni zamanda infeksiyaya yoluxmuş sümük parçaları da çıxarılıb.

Hadisə zamanı avtomobilin sürücüsü də ciddi xəsarət alıb və o da əməliyyat olunub. Hər iki gənci uzunmüddətli reabilitasiya prosesi gözləyir.

Həkimlər bu əməliyyatı nadir tibbi uğur hesab edir və xəstənin psixoloji və fiziki olaraq bərpa prosesi üçün mütəmadi dəstəyə ehtiyac olduğunu bildirirlər. Qəza cəmiyyətdə sərxoş vəziyyətdə sükan arxasına keçmənin doğura biləcəyi ağır nəticələrə dair bir daha ciddi xəbərdarlıq kimi qiymətləndirilir.

AzPost.az

Seçilən
44
azpost.info

1Mənbələr