Bu gün Bakıdakı restoranlardan birində səhnəyə çıxmalı olan türkiyəli müğənni Rza Tamer bundan imtina edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun açıqlaması yayılıb.
Müğənni açıqlamasında səhnəyə çıxmamasına səbəb kimi Azərbaycanda Türkiyə lirəsindən istifadə edə bilməməsini göstərib:
“Bu gün Azərbaycanda konsertimiz olacaqdı. Bir gün öncədən şəhəri gəzmək üçün Bakıya getdim. Məkanla əlaqədar heç bir problem yoxdur. Çox gözəl qarşıladılar, möhtəşəm insanlardır. Amma konsertimizi ləğv etmək məcburiyyətində qaldıq. Mən türk pulunun keçmədiyi heç bir ölkədə konsert vermək istəmirəm. Xahiş edirəm mənə əsəbiləşməyin. Anlayış göstərin”.
İfaçının bu videosu birmənalı qarşılanmayıb. İzləyicilər açıqlamasına görə onu tənqid ediblər.
Məsələ ilə bağlı konsertin baş tutacağı restoranla əlaqə saxladıq. Restorandan bildirildi ki, ötən gün müğənni ölkəyə gəlib, bu gün səhər isə qayıdıb:
“Hazırda onunla danışıqlar gedir. Ötən gün onu qarşılamışıq. Hər şey qaydasında idi. Birdən-birə isə qayıtmaq istədiyini dedi. Həmin açıqlamanı da artıq Türkiyəyə qayıtdıqdan sonra verib. Bizə su almaq istədiyini, lakin lirənin burada keçmədiyi üçün ala bilmədiyini dedi. Biz ona izah etdik ki, manatı da Türkiyədə istifadə etmək olmur. Lakin o bizi anlamadı. Öncədən onunla behi də dollarla həll etmişik. Danışıqlar getdiyi üçün hələ çıxışın olmaması ilə bağlı səhifəmizdə heç bir açıqlama verməmişik”.
Qeyd edək ki, küçədə mahnı oxuyaraq məşhurlaşan Rza Tamerin “Benden sonra” mahnısı son günlərin trendidir.