BAKI, TurkicWorld
Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu Türkiyə ilə Qazaxıstan arasında Orta Dəhlizdə imzalanan dəmir yolu müqaviləsinin yük daşımalarının həcmini və xidmət keyfiyyətini artırmaq məqsədi daşıdığını açıqlayıb.
TurkicWorld xəbər verir ki, Türkiyə və Qazaxıstan arasında imzalanan “Orta Dəhliz Dəmir Yolu Marşrutu ilə Yük Daşımaları üçün Əməkdaşlıq və İş İnkişafı Sazişi” marşrut üzrə yük daşımalarının artırılmasına yönəlib.
Nazir Abdulkadir Uraloğlu bildirib ki, müqavilə Qazaxıstan Dəmir Yolları İdarə Heyətinin sədri Talqat Aldıbergenov, Türkiyə Dövlət Dəmir Yolları baş direktoru Ufuk Yalçın və Loguraacif A.Ş.-nin iştirakı ilə imzalanıb.
Nazir qeyd edib ki, iki ölkə arasında müntəzəm blok qatar xidmətləri fəaliyyətə başlayacaq, Bakı-Tbilisi-Qars və Çin-Avropa dəmir yolu xətti ilə yük daşımaları artacaq, marşrutlarda rəqabətədavamlı tariflər formalaşdırılacaq və multimodal logistika infrastrukturları gücləndiriləcək.
Uraloğlu həmçinin Orta Dəhlizin rəqəmsallaşması, gömrük prosedurlarının asanlaşdırılması və ortaq investisiyalar sahəsində də əməkdaşlığın inkişaf etdirildiyini bildirib.
Nazir əlavə edib ki, bu strateji tərəfdaşlıq həm Türkiyə, həm də Qazaxıstanın qlobal logistika rolunu gücləndirəcək, Orta Dəhlizin rəqabət qabiliyyətini artıracaq və regional iqtisadi inteqrasiyanı dəstəkləyəcək.