ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinə Ukrayna ilə sülh razılaşması əldə etmək üçün verdiyi 50 günlük müddəti 10-12 günə endirdiyini bildirib. Tramp Rusiyanın zəif yerini tapıb. 10 günə razılıq olmasa neft gəlirlərini kəskin azaldacaq,rüsumlar qüvvəyə minəcək. İqtisadiyyatı daha çox neftdən asılı olan ölkələr bunun fonunda hansı təhlükə ilə üz-üzədir?
Bu barədə Moderator.az-a danışan Neft araşdırmaları mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, çox güman ki, 10 günlük müddət bitəndən sonra Ağ ev rəhbəri Rusiya neftini idxal edən ölkələrə qarşı sərt qərarları ilə diqqətdə olacaq:
“Amma bunun nəticəsində Rusiyanın gəlirlərinin kəskin azalması üçün bir xeyli müddət keçəcək - ola bilsin 5-6 ay və ya daha çox.. Çünki ani olaraq yalnız "işığı söndürmək" mümkündür. İlk dövrdə neft qiymətləri dünya bazarlarında 10-20 dollar bahalaşa bilər, çünki qlobal bazarlardan təqribən 5 mln barrel Rusiya neftini çıxarılması çox ciddi məsələdir və bazar iştirakçıları arasında şok effekt yaradacaq hadisə ola bilər. Bu zaman Rusiya öz neftini daha ucuz təklif etməklə bir sıra ölkələri daha da şirnikləndirə bilər. Bir anlıq təsəvvür edin: Brent markalı neft London birjasında $85-90-a satıldığı zaman Rusiya deyir ki, "gəlin məndən 55-60 dollara alın". Təbii ki, belə qiymətə alıcılar da olacaq, riskə gedənlər də, qazananlar da, itirənlər də.. “.
İ.Şaban onu da əlavə edib ki, bu cür hal neft tacirləri (treyderlər) üçün əslində yeni imkanlar deməkdir, çünki bazarda nə qədər təlatüm olarsa, stabillik pozularsa, planlaşdırılmamış gəlir əldə etmək imkanları da bir o qədər artmış olur:
“Ümumilikdə isə, düşünürəm ki, bundan ən çox yararlanmaq imkanları ABŞ şirkətlərinə məxsus olacaq. Əvvəla, dünya bazarlarına təsir edəcək hadisələri məhz ABŞ yaradır, demək, bazarlardakı dəyişikliklərlə bağlı ilkin informasiya da onlardadır və enerji axınının hara yönəlməsi və nə zaman qiymətlərin dəyişməsi də onlardadır... ABŞ ötən il Avropa bazarlarında enerji daşıyıcılarının satışından $76 milyard gəlir əldə edib. Bu il bu gösyəricilərin $90 milyardı keçməsi proqnoz edilir. Ola bilsin gələn il Rusiyanın bazarlardan daha çox sıxışdırılması və qiymətlərin artımı hesabına Avropadakı enerji gəlirlərini $150 milyardda da çatdırsın. Yəni Trampın addımlarında kommersiya məqsədi daha çox özünü göstərir. Siz fikir verin, ölkələrlə ticarət münasibətlərinə yenidən baxmaqla, əlavə gömrük rüsumları tətbiq etməklə Tramp Amerikaya nə qədər əlavə qazanc gətirir”.
Mehin Mehmanqızı