AZ

İran Aİ-dən gözzlədiklərini ala bilmir: "Avropa üçlüyü"nün ABŞ və İsrailə təsir imkanları...

Fransa, Almaniya və Böyük Britaniyadan ibarət "Avropa üçlüyü" ilə aparılan danışıqlar artıq mənasızdır, çünki onlar nə sanksiyaları aradan qaldıra, nə də hər hansı ciddi addım ata bilirlər.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, Avropa ölkələri nə sanksiyaları ləğv edə, nə də başqa bir təsirli addım ata bilir.

Politoloq Natiq Miri Sherg.az-a deyib ki, sanksiyaların aradan qaldırılması üçün İranın nüvə proqramından imtina etməsi və uranın zənginləşdirilməsi prosesini dayandırması vacibdir:

"Həmçinin, yüksək dərəcədə zənginləşdirilmiş uranı digər dövlətlərə təhvil verərək, əvəzində aşağı səviyyədə zənginləşdirilmiş və mülki məqsədlərlə istifadə oluna biləcək uran əldə edilməlidir. Bu, hazırda Qərb dünyasının, o cümlədən "Avropa üçlüyü"nün əsas tələblərindən biridir. Lakin İran hələ də bu məsələyə özünün əsas strateji silahı kimi yanaşır. Həmçinin hesab edir ki, yüksək səviyyədə zənginləşdirilmiş uran həm İsrailə, həm ABŞ-a, həm də onların müttəfiqlərinə qarşı təzyiq vasitəsi və ya siyasi bazarlıq predmeti kimi istifadə oluna bilər. Bununla belə, İrana bu imkanların tanınacağını gözləmək real deyil".

Analitik əlavə edib ki, hazırkı vəziyyətdə "Avropa üçlüyü"nün ABŞ-a və İsrailə təsir imkanları o qədər də güclü deyil:
"Üstəlik, "Avropa üçlüyü" nəinki ABŞ və İsrailin maraqlarına zidd addımlar atmır, əksinə, bu maraqlara yardımçı olmaqla ümumilikdə yeni münaqişə və ya müharibənin qarşısını almağa çalışır. Bu kontekstdə Avropa İttifaqı (Aİ) da İrana qarşı sanksiyaların ləğvi ilə bağlı ciddi təsir imkanlarına malik deyil. Avropa sadəcə BMT Təhlükəsizlik Şurası səviyyəsində tətbiq edilmiş sanksiyaların yenidən gündəmə gətirilməsi və təzyiq mexanizmi kimi istifadəsi ilə kifayətlənə bilir. Məhz bu səbəbdən, İran Aİ-dən gözlədiklərini ala bilmədiyi üçün zaman-zaman Xarici İşlər Nazirliyi səviyyəsində, məsələn, Əraqçının dilindən müəyyən açıqlamalar verir. Bütün bu proseslər bir gerçəyi ortaya qoyur: İran nüvə proqramından imtina etmədikcə, onun başı üzərindən təhlükə əskik olmayacaq və perspektivdə İran–İsrail–ABŞ qarşıdurmasının daha da kəskinləşməsi ehtimalı artır. Yəni İranın bu mövqeyi münaqişəni aradan qaldırmır, əksinə, onu daha da yaxınlaşdırır".
Seçilən
19
sherg.az

1Mənbələr