AZ

Azər Badamov : Bakının şərti dəyişməz qalır



Paşinyan müstəqil olmadığına görə qərar verə bilmir

“Zəngəzur dəhlizi vasitəsilə hərəkət edən vətəndaşlarımız erməni sifəti görməməlidir”

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünik (Zəngəzur) sakinlərinə Azərbaycanı onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən yolun açılmasının vacibliyindən danışıb. O, bunu Sünikdə keçirilən görüşdə bildirib. V.Xaçaturyan vurğulayıb ki, İrəvan Sünikin qapılarını aça bilsə, gələcək Ermənistanın inkişafı üçün böyük imkanlar təqdim edəcək: "Məqsədimiz tezliklə Azərbaycanla sülh sazişini imzalamaqdır". Ekspertlərin fikrincə, erməni siyasi rəhbərliyi Zəngəzur dəhlizinin açılmasında qərarlıdır. Bununla Ermənistan qərblə-şərq arasında nəqliyyat qovşağı kimi Qərbin diqqətini özünə çəkmək niyyətindədir. Baş nazir Nikol Paşinyandan sonra prezidentin də dəhlizin açılmasını vurğulaması önəmlidir. Bu, İrəvanın Tehrana olan münasibətini də dəyişdirən amildir. Çünki İran Zəngəzur dəhlizinə nəzarətin ABŞ şirkətinə veriləcəyi təqdirdə Ermənistanın poliqon olacağını qeyd etmişdi. İran Zəngəzur dəhlizini regional və iqtisadi maraqlarına təhdid hesab edir. SEPAH-ın nəzarətində olan “Khabarfori” saytının qəribə iddiasına görə, Azərbaycanı Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin ABŞ tərəfindən 100 illik icarəyə götürmək istəyi nə Rusiya, nə İran, nə də Çinin marağındadır: "İran və Rusiya hətta Zəngəzur dəhlizi məsələsində hərbi əməliyyatlara belə hazırdır". Tehranın dəhlizə qarşı çıxması əvvəllər İrəvanın siyasi maraqlarına cavab verirdirsə, hazırda Ermənistan İranın bu mövqeyini qəbul etmir.

Millət vəkili Azər Badamov mətbuata deyib ki, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi açıq və dəyişməzdir. Deputatın sözlərinə görə, Azərbaycanın mövqeyi şərq rayonlarımızla Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsindən ibarətdir:

"Zəngəzur dəhlizinin açılması əsas hədəfimiz olaraq qalır. Ermənistan müxtəlif manipulyasiyalar etməklə bu məsələni uzatmağa çalışır. Dövlət başçılarının Əbu-Dabi görüşü ərəfəsində Nikol Paşinyan Zəngəzur dəhlizinə ABŞ-nin neytral bir şirkətinin nəzarət edə biləcəyi ilə bağlı fikir səsləndirmişdi. Lakin daha sonra Rusiyaya səfər edən Paşinyan dəhlizin Amerika şirkətinin nəzarətinə verilməsinin qəbuledilməz olduğunu bildirdi. Bir ayda iki-üç fərqli fikirlərin ifadə olunması Paşinyanın bu məsələdə müstəqil olmadığını və açıqlamalarını xarici təzyiqlər altında verdiyini göstərir. Dövlət başçısı İlham Əliyev Şuşa III Qlobal Media Forumunda Zəngəzur dəhlizi ilə bağlı mövqeyimizi bir daha açıq şəkildə bildirdi. Ölkə rəhbəri qeyd etdi ki, Ermənistan daxilində kimin nəyə nəzarət etməsi məsələsi onların öz işidir. Dövlət başçısı Azərbaycanda heç bir xarici qüvvənin olmadığını və olmayacağını ifadə etdi. Bir daha bəyan olundu ki, Zəngəzur dəhlizi vasitəsilə hərəkət edən vətəndaşlarımız erməni sifəti görməməlidir. Bəli, Zəngəzur dəhlizinin açılması mütləqdir. Lakin dəhliz vasitəsilə Naxçıvana gedəcək vətəndaşlarımız və yüklərimiz Ermənistanda sərhəd və ya gömrük xidmətinin nəzarətinə cəlb olunmamalıdır. Dəhlizə kimin nəzarət edəcəyi və təhlükəsizliyinin kim tərəfindən təmin olunacağı məsələsi Ermənistanın daxili işidir".

Parlament üzvü vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasının yubadılacağı təqdirdə Naxçıvana yolumuz İran ərazisindən, Araz dəhlizi vasitəsilə olacaq:
"Araz çayı sahili ilə inşa edilən yol fəaliyyətə başlayandan sonra Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanları daha da genişlənəcək. Fars körfəzindən gələn yüklər Şərqi Zəngəzur vasitəsilə Rusiyaya, Gürcüstana və Naxçıvan vasitəsilə Avropaya qədər gedəcək ki, bu da yeni imkanlar açacaq. İnad edən Ermənistan isə yenə dalan ölkə olaraq kommunikasiyalardan kənarda qalacaq. Bu baxımdan Ermənistan nə qədər gec deyil, Azərbaycanın tələb etdiyi şərtlər daxilində Zəngəzur dəhlizinin açılmasına hazır olduğunu bildirməlidir. Əks halda bu gec olacaq".



Seçilən
4
aia.az

1Mənbələr