AZ

“Əsas hədəf Zəngəzur dəhlizi yox, Xəzər dənizidir...”

“Vəziyyətin gərginləşməsi ilə hər şey mümkündür. Əgər siyasi və diplomatik müstəvidən güc müstəvisinə keçilərsə, Rusiya Ermənistanı bütövlükdə işğal etməyə də cəhd göstərə bilər...”
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az-ın Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına dair suallarını cavablandıraraq, bazada baş verən hərəkətliliyi şərh edib. Oruclu “Rusiyanın guya Ermənistandakı hərbi bazasına əlavə canlı qüvvə, silah və texnika daşıması haqda hansısa məlumatınız varmı? Sizcə, bu nə dərəcədə doğru xəbərdir və doğrudursa, bu addımıyla Kreml hansı məqsəd güdür?” sualına cavab olaraq qeyd edib ki, son dövrlərdə xüsusilə Ermənistan mediasında bu barədə müxtəlif məlumatlar yayılsa da, hərəkətliliyin səbəbləri çoxqatlıdır.
 
“Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasına silah toplaması ilə bağlı yayılan məlumatlar müəyyən dərəcədə doğrudur, çünki bölgədə hərəkətlilik mövcuddur”, – deyə ekspert bildirib. Lakin Oruclu vurğulayıb ki, bu hərəkətlilik yalnız Zəngəzur dəhlizi ilə əlaqəli deyil, daha geniş geo-siyasi maraqlarla bağlıdır.
 
“Zəngəzur dəhlizi məsələsi yalnız bir aspektdir. Lakin əsas məsələ daha çox Qərbin, NATO-nun və xüsusilə ABŞ-ın Cənubi Qafqaza müdaxiləsi ilə əlaqədardır,” – deyə Oruclu əlavə edib.
 
O həmçinin qeyd edib ki, Xəzər dənizinin strateji əhəmiyyəti Rusiya üçün əsas hədəf olaraq qalır: 
 
“Rusiya bölgədə güc nümayişi məqsədilə bu hərəkətləri edir. Zəngəzur dəhlizi bu kontekstdə Xəzər qədər strateji əhəmiyyətli deyil. Lakin Rusiya Cənubi Qafqazdakı gücünü göstərmək istəyir.”
 
Siyasi ekspertin fikrincə, Rusiya və İranın Xəzərdə birgə hərbi təlimləri də xüsusi bir mesaj verir. Oruclu bu təlimlərin həm Rusiya, həm də İranın Cənubi Qafqaz və Xəzər regionundakı təhlükəsizlik məsələlərinə cavab olaraq baş verdiyini söyləyib:
 
“Bu hərəkətlər həm də Qərbin regionda artan təhdidlərinə cavab olaraq baş verən birgə bir strategiyadır. Qərbin, xüsusən ABŞ-ın bu regiona maraqları artıb və buna görə də Rusiya və İran müvafiq güc nümayişini edir.”
 
Oruclu baş verən hərəkətliliyin yalnız güc nümayişindən ibarət olduğunu, lakin vəziyyətin daha da gərginləşməsi halında daha ciddi hərbi addımların atılmasının mümkün olduğunu bildirib.
 
“Vəziyyətin gərginləşməsi ilə hər şey mümkündür. Əgər siyasi və diplomatik müstəvidən güc müstəvisinə keçilərsə, Rusiya Ermənistanı bütövlükdə işğal etməyə də cəhd göstərə bilər”, – deyə vurğulayıb.
 
Moderator.az-ın “Bəzi siyasi şərhçilər guya Putinin Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək üçün hərbi müdaxilə edəcəyini söyləyir. Bu, mümkündürmü?” sualına isə siyasi analitik belə cavab verib:
 
“Əslində, Zəngəzur dəhlizinin ələ keçirilməsi məsələsi yalnız o halda mümkündür ki, dediyim kimi, siyasi-diplomatik şərait güc müstəvisinə keçsin. Bu halda hər şey dəyişə bilər, başqa addımlar atılar, yeni yanaşmalar və taktiki gedişlər tətbiq olunar. Belə bir vəziyyətdə hətta Ermənistanın tam işğalı da mümkündür.”
 
Ərəstun Oruclu son olaraq, hərbi hərəkətlərin indiki dövrdə daha çox güc nümayişi məqsədini daşıdığını, lakin vəziyyətin dəyişməsi ilə hər şeyin mümkün ola biləcəyini bildirib. “Hələlik bu cür hərəkətlər sadəcə təzyiq göstərmək məqsədi daşıyır,” – deyə ekspert vurğulayıb.
 
Sultan Laçın
 
 
 
 
Seçilən
5
moderator.az

1Mənbələr