AZ

Azərbaycan qətiyyəti, iradəsi və gücü ilə...

Makronun Cənubi Qafqaz siyasətini iflasa uğradıb, Yelisey Sarayının müstəmləkə ərazilərində nüfuzunu sarsıdıb
Bu gün Fransa mətbuatı, siyasi dairələri bütünlüklə Azərbaycanafob ideyalarla “silahlanaraq” ölkəmizə qarşı qaraguruh fəaliyyətə səfərbər edilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Fransa mətbuatında ölkəmizə qarşı aparılan qaralama kampaniyası çərçivəsində istifadə edilən tezislərin Milli Assambleyada irəli sürülmüş qətnamədə öz əksini tapması bu “konsertin” dirijor çubuğunun Yelisey Sarayının, şəxsən E.Makronun əlində olduğu fikrini ifadə etməyə əsas verir. Bəli, Makron Azərbaycana qəzəblidir, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etməsi reallığı ilə barışa bilmir ki, bunun da səbəbləri var. 

Makronun hədələri, şantajları bir işə yaramır

Makronun Azərbaycana qarşı qəzəbli olmasını şərtləndirən əsas məqamlardan biri onun Cənubi Qafqaz siyasətinin ölkəmiz və şəxsən Prezident İlham Əliyev tərəfindən iflasa uğradılmasıdır. Ölkəsini qlobal güc mərkəzi rolunda təqdim etməyə çalışan Makron Cənubi Qafqazda da öz maraqlarını təmin etmək iddialarında bulunur. Qalib Azərbaycan isə öz qətiyyəti, iradəsi və gücü ilə bu iddiaların üstündən birdəfəlik xətt çəkib. Buna görə də E.Makron Azərbaycanın Vətən müharibəsindəki, 23 saatlıq lokal xarakterli antiterror tədbirlərindəki qalibiyyətini sinirə bilmir. Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Azərbaycanın 11 min kvadratkilometrdən artıq ərazisi ermənilər tərəfindən işğal altına alınmışdı. Beynəlxalq hüquqa zidd olan belə vəziyyət otuz il ərzində davam etdi. Nə yazıqlar ki, həmişə demokratiyadan, insan haqlarından , bərabərlikdən, qardaşlıqdan danışan  Yelisey Sarayı bir dəfə də olsun işğalı pisləyən bəyanatla çıxış etmədi. Əslində, bu,  artıq keçmişdə qalan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə yaradılmış Minsk qrupunun həmsədr dövlətlərindən biri kimi Fransanın birbaşa məsuliyyəti idi. Ancaq Parisdə məsuliyyət barədə düşünən yox idi. Bunun əksinə olaraq rəsmi Paris ikili yanaşmalardan çıxış etməklə işğal faktının sonsuzluğadək uzanması üçün əlindən nə gəlirdisə, etməyə çalışırdı. Xüsusilə də Makronun prezident kimi fəaliyyəti dönəmində işğalçı dövlətin dəstəklənməsi siyasəti Fransanın xarici siyasətindən qırmızı xətt kimi keçir. Diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, Fransanın Azərbaycana qarşı düşmənçilik siyasətində onun şəxsiyyətinin xüsusiyyətləri xüsusi rol oynayır. Belə ki, E.Makrona görə Ermənistanın işğalı davam etməli idi. Erməni işğalının davam etməsi E.Makronun sələfləri tərəfindən uğurla dəstəklənirdi. Bu işğala E.Makronun Fransada hakimiyyətdə olması dövründə son qoyulması onun tərəfindən şəxsi məğlubiyyət kimi qəbul edilir. O, Ermənistanın deyil, öz şəxsinin məğlub olması ideyasından qurtula bilmir. Prezident İlham Əliyevə qarşı nifrət halına çevrilmiş paxıllığını cilovlamaqda aciz qalan E.Makron, balaca paxıl uşaqlar kimi güclü, qüdrətli və qalib siyasi Lider, xalqının dəstəyini qazanmış Prezident İlham Əliyevə nəticəsiz “pisliklər” etməyə çalışır. 44 günlük Vətən müharibəsi günlərini xatırlayaq. Azərbaycan döyüş meydanında irəlilədikcə Makronun qəzəbi də yerə-göyə sığmırdı. Əli heç yerə çatmayan Makron tez-tez Prezident İlham Əliyevə telefon açaraq müharibənin dayandırlmasını istəyirdi. Azərbaycanın dövlət başçısının cavabları isə qətiyyətli olurdu- döyüşlər Ermənistanın torpaqlarımızdan çıxacağına dair vaxt, cədvəl təqdim etdikdən sonra dayandırıla bilər. Prezident İlham Əliyevin diplomatiyadakı qətiyyəti Ordumuzun döyüş meydanlarındakı uğurları ilə tamamlanırdı. Və beəliklə də Azərbaycan dövləti və xalqı həmrəylik şəraitində əsas məqsədinə çatdı - ərazi  bütövlüyünü və suverenliyini tam təmin etdi. Makronun hədələri, şantajları, Yelisey Sarayının qərarları, işğalçı Ermənistana dəstək verməsi isə  bir işə yaramadı. 
Bu gün Afrikadakı keçmiş müstəmləkələrindən biabırcasına qovulan Fransa beynəlxalq aləmdə uğur hekayəsini “erməni kartı” ilə qazanmağa çalışır. Ermənistanı Fransanın “müstəmləkəsi” kimi görmək arzusunda olan rəsmi Paris bu ölkəyə silah ixrac etməklə və erməni revanşistlərini həvəsləndirməklə Cənubi Qafqazda mövcud olan həssas və kövrək sülhə ciddi zərbə endirir.

E.Makron Cənubi Qafqaz regionuna qayıtmaq, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar prosesində iştirak etmək üçün hər vəchlə çalışır. Lakin, Prezident İlham Əliyevin rəhbərliyi altında Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində Fransa bütün proseslərdən kənarda qalıb. Azərbaycan və Ermənistan arasında danışıqlar  ikitərfli formatda davam edir. Liderlərinin Əbu-Dabidəki görüşünün vasitəçilərin, o cümlədən də Fransanın iştirakı olmadan keçirilməsi E.Makronu ciddi şəkildə qıcıqlandırır və əsəbləşdirir. Azərbaycanın Fransanı sülhyaratma prosesindən kənarlaşdırmasının alternativi yoxdur. Makron dəfələrlə Ermənistana hərtərfli dəstəyini ifadə edib. Əgər Fransa tərəflərdən birinin sağında, solunda, arxasında olduğunu açıq mətnlə bəyan edirsə, bu ölkə hansı mənəvi haqla vasitəçi ola bilər? 

Azərbaycan yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi rolunda...

Makronun Azərbaycana qarşı qəzəbinin digər bir səbəbi ölkəmizin dünyada yeni müstəmləkə tendensiyalarına qarşı mübarizənin lokomotivi rolunu öz üzərinə götürməsindən qaynaqlanır. XXI əsrdə yaşayırıq.  Baxışlar dəyişməlidir. Yeni yüzillikdə müstəmləkəçiliyin hər hansı bir təzahürünə yer olmamalıdır.  Ənənəvi müstəmləkəşilik və onun indiki dövrdə təzahürü olan neokolonializm hər hansı normal insan davranışlarına, beynəlxalq hüquqa, humanizm normalarına uyğun gəlmir.  Bu, xalqların fundamental hüquqlarına, onların azadlığına ziddir. Avropa qitəsinin əsas dəyərləri həmin müstəmləkə iddiaları ilə kobud şəkildə pozulur. Hər zaman ədalət mövqeyindən, beynəlxalq hüquq normalarından çıxış edən Azərbaycan da Fransa kimi ölkələrin sümürmə siyasətinə qarşı dirəniş göstərir, vəziyyətin dəyişməsini istəyən xalqlara özünün mənəvi-siyasi dəstəyini göstərir. “ Düşünürəm ki, Fransa ilə Yeni Kaledoniya arasında baş vermiş hadisə tarixi presedentdir. Hesab edirəm ki, bu, hekayətin sonu deyil, başlanğıcıdır. Bizim neokolonizmlə bağlı mövqeyimiz tam aydındır. Bu məsələ heç bir ikitərəfli gündəliyə daxil deyil. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan sədrliyin ilk ilindən başlayaraq dekolonizasiya, müstəmləkə olan ərazilərin müstəqilliyə və ədalətə qovuşması, eləcə də beynəlxalq təşkilatların qəbul etdiyi qərarların icrası ilə bağlı səyləri dəstəkləmiş və təşviq etmişdir”, - deyə Prezident İlham Əliyev bir qədər bundan əvvəl Xankəndidə baş tutan III Şuşa Qlobal Media Forumunda vurğulayıb 
Xatırladaq ki,  Fransız missionerlərin Yeni Kaledoniyaya ayaq açması XIX əsrin ortalarına təsadüf edir. Missionerlərin adaya gəlişi ilə yerli sakinlərin qara günləri başlayıb. 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı, qatı cinayət törətmiş məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydalı qazıntı yataqlarını da istismar etməyə başlayıb. Ada qızıl, bürünc, xrom, nikel, dəmir və s. filiz ehtiyatları ilə zəngindir. Fransa digər müstəmləkələrində olduğu kimi, burada da təbii sərvətləri talayıb, yerli əhalidən isə ucuz işçi qüvvəsi kimi istifadə edib. Ada sakinləri ötən əsrin 80-ci illərindən etibarən Fransanın ağır müstəmləkəçilik siyasətinə qarşı etirazlara başlayıblar. Kanak xalqının son  etirazlarına səbəb isə Makron iqtidarının Yeni Kalidoniya ilə bağlı mürtəce planı həyata keçirmək istəyi oldu. Siyasi sifariş əsasında Fransa parlamenti Yeni Kaledoniyada konstitusiya “islahatları” ilə bağlı müzakirələrə start vermişdi. Əslində, “islahatlar” Fransanın xəbis niyyətlərindən xəbər verirdi. Bu dəyişikliklərin yeganə məqsədi Yeni Kaledoniyada aborogen xalqın hüquqlarını məhdudlaşdırmaq, bunun əksinə olaraq gəlmə fransızların hüquqlarını genişləndirmək idi. Yeni Kaledoniyada etirazların miqyasının geniş olması burada yerli icmanın fəallığı ilə bağlıdır. Yerli kanak xalqı milli kimliyin qorunması uğrunda mücadiləyə başladı və “islahatların” reallaşdırlmasına imkan vermədi. 
Yelisey Sarayının neokolonializm siyasətinə qarşı barışmaz mübarizə aparan Yeni Kaledoniyanın azadlıq yolunda böyük uğur qazanması digər müstəmləkə ərazilərinin xalqları üçün yeni bir çağırış yaradır. Yeni Kaledoniya dövlətinin yaradılması bir başlanğcdır. Digər xalqlar  da öz azadlıqları uğrunda son və qəti mübarizəyə qalxmalıdırlar. 

Öz növbəsində Azərbaycan Yeni Kaledoniyada və  Fransanın digər müstəmləkə ərazilərində  baş verənlərə  heç vaxt bigaə qalmayıb. Yelisey Sarayı Azərbaycanın müstəmləkə siyasətindən əziyyət çəkən xalqlara dəstək verməsini respublikamızın Fransanın daxili işlərinə qarışması anlamında təqdim edir. Halbuki burada söhbət insan haqlarının müdafiəsindən gedir. Respublikamızın uğurlu sədrlik həyata keçirdiyi Qoşulmama Hərəkatının tərkibində Bakı Təşəbbüs Qrupu yaradılıb.  Fransanın son koloniyalarında azadlıq mübarizəsi aparan xalqlar bu qrupda birləşiblər. Bakı Təşəbbüs Qrupu Fransanın müstəmləkəçilik siyasətinə münasibətdə susmur, azadlıq mübarizəsinə qalxan xalqların səsinin bütün dünyada eşidilməsinə, onlara həmrəylik göstərilməsinə nail olmağa çalışır. Qurum həmçinin zamanında Fransa hakimiyyəti tərəfindən Yeni Kaledoniyada kanakların həbs olunması və mülki şəxslərə qarşı zorakılığa dair bəyanat yayıb və törədilən vəhşilikləri qınayıb. Məhz Bakı Təşəbbüs Qrupunun səyləri sayəsində Yeni Kaledoniya ətrafında qurulan informasiya blokadası yarıldı və dünya burada baş verənlərdən xəbər tutdu. Təsadüfi deyildir ki, indi Fransanın müstəmləkə altında saxladığı ölkələrin insanları Azərbaycana müqəddəs “Məkkə”, “Vatikan” kimi baxırlar və dekolonizasiya prosesinin mərkəzi kimi qəbul edirlər. O cümlədən Azərbaycanın “dekolonizasiya” gücü Yelisey Sarayının artıq konseptual strateji sənədlərində - 2025-ci ilin iyul ayında işıq üzü görmüş Fransanın Milli Strateji İcmalında, habelə Fransanın Sakit-Okean üzrə Strategiyasında öz əksini tapıb. Makronun qəzəbi əbəsdir. Azərbaycan doğru bildiyi yolu bundan sonra da davam etdirib azadlıq mübarizəsinə qalxan xalqların yanında yer alacaq.

Mübariz FEYİZLİ

Seçilən
14
yeniazerbaycan.com

1Mənbələr