Rusiyada soydaşlarımıza qarşı törədilən zorakılıq, həbslər və qətllər siyasi mövqeyindən asılı olmayaraq, bütün azərbaycanlılardan bu hadisələrə eyni yanaşma tələb edir.
Bu gün Rusiyadakı azərbaycanlılar müdafiə olunmasa, sabah imperiyanın Azərbaycana yönəlik təzyiqlərinin qarşısını almaq çətin ola bilər. Yəni bu gün Yekaterinburqda, Mosvada, yaxud Voronejdə yaşamasından, işləməsindən asılı olmayaraq, hər bir azərbaycanlının hüquqlarını müdafiə etmək milli məsələyə çevrilib.
Milli məsələdə isə müxalifətçilik olmaz. Çünki millətin mənafeyinə qarşı müxalif çıxmaq rəqibin, düşmənin yanında yer almaq deməkdir. Lakin AXCP sədri Əli Kərimli heç vaxt bu prinsipə əməl etməyib. Əl Kərimli siyasi ənənəsinə sadiq qalaraq bu dəfə də millətin mənafeyinə qarşı alternativ siyasi cəbhə qurmağa cəhd edir.
Təbii ki, bu da növbəti uğursuz cəhddir. O, Rusiyada azərbaycanlılara qarşı baş verən hücumları pisləmək əvəzinə, bu dəfə də baş vermiş hadisələrdən öz siyasi maraqları naminə istifadəyə çalışır. Bu isə prinsipiallıq deyil, prinsipsizlikdir.
Azərbaycana qarşı təzyiqlərin səbəbi də, iştirakçıları da məlumdur. Son günlər Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının vasitəçilərsiz aparılması, Zəngəzur dəhlizi üçün real diplomatik imkanların yaranması ABŞ Konqresindəki, Fransa Milli Assambleyasındakı erməni havadarlarını və Kremlin divarlarını da əməlli-başlı silkələyib.
Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyanın iyulun 10-da Əbu-Dabidə keçirilən görüşü sanki Azərbaycana gerçək dost və düşmən münasibət göstərən ölkələri müəyyənləşdirmək imkanı yaratdı. Regionda sülhün bərqərar olmasını, Zəngəzur dəhlizinin açılmasını təklif edən qüvvələrlə bunu istəməyənlər üz-üzə dayandı.
Maraqlıdır, Rusiyanı tənqid etməkdənsə, Azərbaycan dövlətinə qarşı siyasi böhtanlar və iftiralar yağdıran Əli Kərimli kimin yanındadır? Azərbaycanlıları döyüb, öldürüb, Rusiyadan qovanların? Yoxsa erməniləri Qarabağa qaytarmağı, separatçıları həbsdən azad edilməsini, Zəngəzur dəhlizini açmamağı tələb edənlərin?
Uzun illər davam edən səylərdən sonra rəsmi Bakı Azərbaycan əleyhinə informasiya cəbhəsini yararaq ön mövqelərə çıxıb. Qlobal Media Forumları vasitəsilə Azərbaycanın təbliğatını dünya ölkələrinə daha real və birbaşa çatdırılmaq imkanı qazanılıb.
Dünyada anti-Azərbaycan rəyinin dəyişdiyi bir vaxtda Əli Kərimlinin ucuz sensassiya xatirinə siyasi populizmə əl atması düşmən dəyirmanına su tökməkdir. Azərbaycana məxsus sərnişin təyyarəsinin vurulmasını əmr verən və iştirakçı olduğunu sübut edən faktlar o qədər aşkardır ki, Rusiyanın hakimiyyət orqanlarının susmaqdan başqa çarəsi qalmayıb. Günahsız azərbaycanlıların qatilləri müəyyən olunub.
Cinayətkarların cəzalandırılmasını tələb etmək üçün siyasi baxışından, kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlı öz dövlətinin yanında dayanmalıdır. 44 günlük müharibə də, 2023-cü ildə keçirilən antiterror əməliyyatı da sübut etdi ki, yalnız xalq və dövlətin vəhdəti olanda ölkəni kənar təhlükələrdən xilas etmək mümkün olur.
Əli Kərimli isə müxalifətçilik missiyasını milli maraqları şəxsi mənafeyə qurban verməkdə görür. Siyasi qazanc götürmək üçün Əli Kərimli ABŞ-dəki erməni lobbisi ilə də, Azərbaycana düşmən kəsilmiş Makron hakimiyyəti ilə də, hətta bu gün hər bir azərbaycanlıya nifrət hissi ilə yanaşan Rusiya şovinistləri ilə də əməkdaşlığa hazırdır.