Stokholm, 31 iyul, Nərgiz Cəfərli, AZƏRTAC
Estoniyanın ikinci böyük şəhəri Tartuda 600-ə qədər isveçli məhbus yerləşdirilə bilər. Bu təklif İsveç həbsxanalarında yaranan həddən artıq sıxlıq fonunda nəzərdən keçirilir.
AZƏRTAC xəbər verir ki, Tartu həbsxanasındakı 933 kameradan 600-ü hazırda boşdur və Estoniya hakimiyyəti yerlərin icarəyə verilməsinin ölkəyə iqtisadi fayda gətirəcəyini, habelə bu vasitə ilə yeni iş yerlərinin açılacağını gözləyir.
Təklifə görə, məhbusların köçürülməsinə ilin sonunda başlana bilər. İsveç Penitensiar Xidmətinin nümayəndəsi Martin Qillonun qeyd etdiyi kimi, qadınların, gənc məhkumların və ya xüsusilə ağır cinayətlərə görə məhkum olunan şəxslərin Estoniyaya göndərilməsi nəzərdə tutulmur. Yalnız yüksək səviyyədə təhlükə yaratmayan məhbusların siyahısı nəzərdən keçirilir.
Müqavilə hələ iki ölkənin parlamentləri tərəfindən təsdiqlənməyib. Həll olunmayan məsələlər arasında reabilitasiya şərtləri, qohumların məhbuslara baş çəkməsi imkanları, dini etiqad azadlığının təmin edilməsi daxildir. İsveç, həmçinin namizədləri müstəqil seçmək və tələblərə cavab verməyənləri geri çağırmaq hüququnda israr edir.
Estoniya, öz növbəsində, mütəşəkkil cinayətkarlıq və ya radikal hərəkatlarla əlaqəli məhbusları qəbul etməyəcəyini bildirir. Bu, Tallin üçün ictimai təhlükəsizliyin təmin edilməsi baxımından vacibdir.
Məhkumlara yaxınları ilə video formatında əlaqə imkanı yaradılacaq, müəssisədə incəsənət və musiqi otaqları olacaq.
Estoniyada bir məhbusun saxlanması xərcləri İsveçə ayda 8,5 min avroya başa gələcək. Bu rəqəm İsveçin özündə orta hesabla 11,5 min avrodan xeyli ucuzdur. 2023-cü ildən məhbusların sayının azaldığı Estoniya üçün bu saziş iqtisadi baxımdan sərfəli həll yolu ola bilər.
Analoji bir təcrübə əvvəllər Niderlandda həbsxana sahəsini icarəyə götürən Belçika və Norveç tərəfindən də istifadə olunub. Keçən il Danimarka Kosovo ilə belə bir müqavilə imzalayıb, həmçinin Finlandiya ölkədən kənarda həbsxana yerlərinin icarəyə götürülməsi imkanlarını araşdırır.