Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası, əlbəttə ki, heç bir halda digər tərəfə həvalə oluna bilməz. Lakin dəmir yolu, boru kəmərləri və elektrik ötürücü xətlərin biznes idarəçiliyi həvalə oluna bilər.
Operativ Media xəbər verir ki, bu fikirləri Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan yazıb.
O bildirib ki, Ermənistan mətbuatında regionun nəqliyyat yollarının açılması mövzusunda Ermənistanın mövqeyi ilə bağlı müəyyən çaşqınlıq müşahidə olunur və mətbuat nümayəndələri rəsmi şəxslərin bəyanatlarında ziddiyyətlər görürlər:
“Bu, müəyyən mənada başa düşüləndir. Çünki bu mövzu çoxsaylı incəliklərə malikdir və bəzən ‘icarə’, ‘lizinq’, ‘tikinti hüququ’, ‘həvaləetmə’ kimi konkret terminlərlə birləşəndə daha da mürəkkəbləşir. Hər bir terminin konkret kontekstdə fərqli mənası ola bilər.
Kütləvi informasiya vasitələrinin dəyərli nümayəndələrinin işini asanlaşdırmaq məqsədilə bir daha vurğulamaq istəyirəm ki, Ermənistan Respublikası heç vaxt öz ərazisindən keçən nəqliyyat yollarının ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə ziddiyyət təşkil edən modellərini nə müzakirə edib, nə də edəcək.”
Nazeli Bağdasaryanın sözlərinə görə, əksinə, Ermənistan Respublikası ərazi bütövlüyü, suverenlik və yurisdiksiya çərçivəsində regionda nəqliyyat yollarının istismarına dair müxtəlif modelləri yalnız müzakirə etmir, eyni zamanda həmin modellərdən biri üzrə razılığa gəlməkdə də maraqlıdır.
“Ermənistan adından çıxış edən və ‘Ermənistan nə müzakirə edib, nə də edəcək’ deyən nümayəndələr, açıq şəkildə, ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası ilə uyğun gəlməyən modelləri nəzərdə tuturlar.
Digər tərəfdən, müzakirələrdən danışanlar isə ölkənin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində mümkün olan modelləri, tikinti hüququ və sair məsələləri nəzərdə tuturlar. Baş nazir Paşinyan da bu barədə iyulun 16-da keçirdiyi mətbuat konfransında danışıb.
Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç bir halda həvalə oluna bilməz. Amma dəmir yolu, boru kəmərləri və elektrik ötürücü xətlər kimi infrastrukturların biznes-idarəçiliyi isə həvalə edilə bilər. Məsələn, avtomobil yollarının istismarı və idarəçiliyi bu gün də, əvvəlki illərdə də Ermənistanda özəl şirkətlərə həvalə olunub. Başqa məsələdir ki, kim bu idarəçiliyi hansı səviyyədə həyata keçirir. Lakin bu artıq müzakirə edilən mövzuya aid deyil”, – deyə Nazeli Bağdasaryan əlavə edib.