AZ

Aİ-nin İsrailə sanksiya tətbiqi Qəzza siyasətini dəyişə bilərmi?

Avropa İttifaqı Qəzza bölgəsindəki humanitar vəziyyətlə bağlı narahatlığını ifadə edərək, İsrailə qarşı sanksiyalar tətbiq etməyi gündəmə gətirib.

Bəs bu addım İsrailin siyasətinə real təsir edə bilərmi? Mövcud geosiyasi və diplomatik balansda Aİ-nin bu qərarı hansı nəticələrə səbəb ola bilər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Avropa İttifaqının İsrailə qarşı sanksiya məsələsini gündəmə gətirməsi simvolik olmaqla yanaşı, həm də siyasi cəhətdən kifayət qədər önəmli bir siqnaldır. Onun sözlərinə görə, Aİ uzun müddətdir İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları və bunun doğurduğu humanitar fəlakətə görə narahatdır. İndi isə ilk dəfə real iqtisadi və diplomatik təzyiq alətləri gündəmdədir. Bu, həm Aİ-nin daxili ictimai rəyinə cavabdır, həm də beynəlxalq hüququn qorunmasına yönəlmiş bir jestdir.

Müsahibimiz qeyd edib ki, əgər sanksiyalar güclü və vahid şəkildə tətbiq olunarsa, müəyyən taktiki dəyişikliklər mümkündür. Ancaq köklü bir dəyişikliyin olacağını düşünmək hələlik tezdir. İsrail bu siyasəti təhlükəsizlik əsasları ilə izah edir və daxildə də bu siyasətə ciddi dəstək var:

“Sadəcə sanksiyaların iqtisadi və diplomatik təzyiq formasında davamlı olması zamanla davranış dəyişikliyi yarada bilər”.

Aİ-nin bu məsələdə yekdil mövqe sərgiləməsinin nə dərəcədə real olub-olmamasına gəlincə, politoloq deyib ki, bu, ən böyük suallardan biridir. Z.Qarayeva xatırladıb ki, Aİ-nin 27 üzvü var və hər birinin İsraillə fərqli münasibətləri mövcuddur:

“Bəzi dövlətlər daha sərt xətt tərəfdarı olsa da, digərləri ehtiyatlı davranır. Məsələn, Almaniya və Macarıstanın mövqeləri bir-birindən xeyli fərqlidir. Ona görə yekdil qərar çətin olsa da, koalisiya şəklində atılan addımlar mümkündür”.

Züriyə Qarayeva: Sanksiyalar güclü və vahid şəkildə tətbiq olunarsa, müəyyən taktiki dəyişikliklər mümkündür

Dediyinə görə,  Aİ-nin belə bir qərarı, xüsusilə müsəlman ölkələrində müsbət qarşılanacaq və Aİ-nin obyektiv vasitəçi imicini gücləndirəcək. Digər tərəfdən, ABŞ-la münasibətlərdə müəyyən ziddiyyətlər də yarana bilər, çünki ABŞ-nin  İsrailə dəstəyi açıq və davamlıdır. Bu isə transatlantik münasibətlərdə yeni gərginlik nöqtəsi yarada bilər.

“Qəzza böhranının həlli üçün sanksiyalar çıxış yolu ola bilərmi” sualını cavablandıran Züriyə Qarayeva bildirib ki, təkbaşına sanksiyalar yetərli deyil:

“Lakin onlar diplomatik təzyiqin bir hissəsi kimi istifadə olunarsa, məsələn, BMT vasitəçiliyi ilə aparılacaq siyasi dialoqu dəstəkləyən bir vasitə rolunu oynaya bilər. Ən vacibi isə bu addımların humanitar yardım və mülki əhalinin müdafiəsi ilə paralel şəkildə həyata keçirilməsidir”.

Zülfü Məmmədov

Seçilən
19
bakivaxti.az

1Mənbələr