Şamaxıda şəhər ərazisində avtomatla gəzən şəxs həbs edilib.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Şamaxı şəhəri, Fərhad Məlikov küçəsində baş verib. Şamaxı Rayon Polis Şöbəsinə həmin ünvanda yaşayan şəxsin "Kalaşnikov" markalı avtomat, ona məxsus patronlar, ov tüfəngi və onun patronlarını saxladığı, şəhər ərazisində isə avtomatla gəzməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat zamanı həmin ünvana baxış keçirilib və ev sahibindən adıçəkilən odlu silahlar və patronlar aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb və ev sahibi saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.
Məhkəmə prosesində məlum olub ki, təqsirləndirilən şəxs Xəqani Məmmədov (soyad şərtidir) 10 il əvvəl namaz qılmağa başlayıb və həmin vaxt da adıçəkilən odlu silahları əldə edib.
Prosesdə ifadə verən təqsirləndirilən şəxs avtomat və ov tüfəngini namaz qılmağa başladığı il Şamaxı şəhəri ərazisində tanımadığı şəxsdən alıb və evində gizlədib.
Prosesdə şahid qismində dindirilən X.Məmmədovun həyat yoldaşı ifadəsində bildirib ki, birgə nikahdan altı övladı olsa da, 2015-ci ildən sonra onun övladları təhsil almayıblar. Uşaqların təhsil almasına isə X.Məmmədov mane olub. O, namaz qılmağa başlayandan sonra iki uşağını məktəbdən çıxarıb və orta məktəbi "kafirlərin ocağı" adlandırıb. Digər övladları isə ümumiyyətlə orta məktəbə getməyiblər. Xəqani ailə üzvlərinə bir çox məhdudiyyətlər tətbiq etdiyi üçün 2024-cü ildə həyat yoldaşı ondan rəsmi olaraq ayrılıb və uşaqları ilə birlikdə valideynlərinin yanında yaşayıb. Bir müddətdən sonra isə X.Məmmədov həyat yoldaşı ilə danışıb, məhdudiyyətləri aradan qaldırıb. Nəticədə onlar yenidən birlikdə yaşamağa başlayıblar.
Prosesdə o da məlum olub ki, X.Məmmədov 18 yaşlı oğlunu və həyat yoldaşını Suriyaya getməyə məcbur edib.
Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirib və məhkəmədən ədalətli qərar çıxarmasını xahiş edib.
Məhkəmənin hökmü ilə X.Məmmədov 1 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.