Xəbər verdiyimiz kimi, yaxın zamanda 100 minə yaxın vətəndaş mülkiyyət
hüququna yiyələnəcək. Bu Prezident İlham Əliyev tərəfindən iyulun 16-da imzalanan "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə" Fərmanının icrası hesabına baş tutacaq.
Təbii ki, bu təqdirəlayiq haldır. Amma bir məsələni də xatırlatmaq lazımdır ki, Bakı və bəzi iri şəhərlərdə son zamanlarda inşa edilmiş çoxmərtəbəli yaşayış binalarının sakinləri Dövlət Reyestrindən çıxarış ala bilmirlər.
Halbuki binalar uzun müddətdir ki, istismar edilir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramin Osmanlı deyib ki, müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadan inşa edilən çoxmərtəbəli yaşayış binaların sənədləşdirilməsi sonrdan problem yaradır:
“Belə binalara Bakı və Abşeron yarımadasında rast gəlmək mümkündür. Düzdür, belə binaların sayları əvvəlki illərlə müqayisədə elə də çox deyil. Amma hər bir halda belə bir problem var.
Bu problemin həlli ilə bağlı 19 fevral 2019-cu ildə möhtərəm Prezidentin çoxmənzilli binaların istismarına icazənin sadələşdirilməsi ilə bağlı müvafiq fərmanı oldu. Həmin fərman çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinə və Əmlak Məsələləri Dövlət Komitəsinə müəyyən əlavə səlahiyyətlər verildi.
Bundan sonra həmin binalar FHN tərəfindən yoxlanıldı və qəzalı vəziyyətdə deyildisə, ciddi bir problemi yox idisə, həmin binalara dərhal istismar aktı verildi. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də FHN-nin rəyini əsas götürərək bir çox binaların istismara yararlığı ilə bağlı müvafiq qərar verdi. Bundan sonra vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etdilər və mənzillərini dövlət qeydiyyatına aldırdılar.
Lakin problem bu gün də var.
Hesab edirəm ki, bu problemin həlli üçün tikinti şirkətləri mövcud tikinti və şəhərsalma qanunvericiliyinə və qaydalarına əməl etməlidirlər ki, sonradan bu cür problemlər yaşamasınlar.
Belə problemlə üzləşən vətəndaşlar isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etsinlər”.
Surxay Atakişiyev, Bizim.Media