Dünyada bir çox valyutalar dəyər itirərkən, dünyanın ən bahalı pul vahidi Yaxın Şərqin kiçik, lakin zəngin dövləti olan Kuveytə məxsus Kuveyt dinarı (KWD) olub.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, son məlumatlara əsasən, Kuveyt dinarı hazırda funt sterlinqdən təxminən 2,5 dəfə daha dəyərlidir.
Mütəxəssislər bu yüksək göstəricini ölkənin azsaylı əhalisi, zəngin neft ehtiyatları və sabit iqtisadi idarəçiliyi ilə əlaqələndirirlər.
Maliyyə sahəsində ixtisaslaşmış “Vetted Prop Firms” şirkətindən ekspert Fred Harrinqton bildirib ki, güclü valyutalar yalnız məzənnə ilə deyil, bütövlükdə iqtisadi sabitlik və institusional etibarla ölçülür. Harrinqton qeyd edib ki, Kuveyt dinarının bu qədər güclü olmasının əsas səbəblərindən biri onun yalnız ABŞ dollarına deyil, bir neçə beynəlxalq valyutaya bağlanması və sərt monetar siyasətin tətbiq olunmasıdır. Bu yanaşma valyutanı beynəlxalq bazarlardakı dalğalanmalardan qoruyur.
Dünyanın ən güclü valyutaları siyahısında Bəhreyn dinarı (BHD) ikinci yerdə qərarlaşıb. Onun bir vahidi 2,65 ABŞ dolları dəyərindədir ki, bu da onu funt sterlinqdən daha dəyərli edir.
Siyahının üçüncü və dördüncü pillələrində Umman rialı (OMR) və İordaniya dinarı (JOD) qərarlaşıb. Ekspertlər bu ölkələrin sabit valyuta siyasəti və neft ixracı sayəsində iqtisadi təzyiqlərə qarşı dayanıqlı olduğunu bildirirlər.
İngiltərə funt sterlinqi siyahıda beşinci yeri tutur. Ardınca Cəbəllütariq funt sterlinqi, İsveçrə frankı, avro, ABŞ dolları və Kanada dolları gəlir.
Fred Harrinqton əlavə edib ki, yüksək valyuta dəyərinin tək səbəbi təbii ehtiyatlar deyil:
“İordaniya dinarı heç bir neft ehtiyatı olmadan belə, beynəlxalq əməkdaşlıqlar və sabit məzənnə strategiyası ilə öz dəyərini qorumağı bacarır”.
Bəsti Rəfizadə
Sfera.az