AZ

Qarabağda tətbiq olunan urbanizasiya təcrübəsinə Şəhərsalma Forumu çərçivəsində bütün dünya şahid olacaq - Ülviyyə Zülfiqar

Bakı, 31 iyul, AZƏRTAC

Gələn il mayın 17-22-də BMT-nin Məskunlaşma proqramının 13-cü Şəhərsalma Forumunun məhz Azərbaycanda keçirilməsi həm dünya, həm də ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir.

Forumun keçiriləcəyi müddət həm də Azərbaycanın öz tarixinin ən mühüm mərhələlərindən birini yaşadığı - uzun illər işğal altında qalan torpaqlarımızın azad edilərək oraya həyatın qaytarıldığı, infrastrukturun müasir dövrün tələblərinə uyğun formalaşdırıldığı, vətəninə qayıdan insanlar üçün həyatın yenidən başladığı dövrlərə təsadüf edir. Bugünkü çağırış isə təkcə bərpa deyil, davamlı və müasir şəhərsalma modelinin qurulması, əhalinin dayanıqlı şəkildə yerləşdirilməsi, sosial həyatın canlandırılmasıdır. Məhz buna görə bu forum həm qlobal, həm də yerli miqyasda xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Ülviyyə Zülfiqar söyləyib.

Politoloq qeyd edib ki, dünya bu gün postmünaqişə regionlarının bərpasında çoxsaylı problemlərlə üzləşir. Azərbaycanın Qarabağda tətbiq etdiyi model-“ağıllı kənd”lər, yaşıl enerji zonaları, minalardan təmizləmə və darmadağın edilmiş viranə yaşayış məntəqələrimizdə sıfırdan infrastruktur quruculuğu bu sahədə yeni yanaşma nümunəsi kimi diqqət çəkir. Şəhərsalma Forumu vasitəsilə Azərbaycan bu təcrübəni həm beynəlxalq ictimaiyyətlə bölüşəcək, həm də özünü qlobal şəhərsalma gündəminin fəal iştirakçısı kimi təqdim edəcək.

“Eyni zamanda, Forum Qarabağa qayıdan insanlar üçün də mühüm bir siqnaldır. Bu tədbir göstərir ki, qayıdış prosesinə bütün dünya şahid olacaq və Azərbaycan modelində bu təcrübəni mənimsəyəcək. Həmçinin Forum ətrafında yaranan ictimai və beynəlxalq diqqət investorların və beynəlxalq tərəfdaşların Qarabağdakı layihələrə marağını daha da artırmaq potensialına malikdir.

COP29 kimi mühüm konfransdan sonra Azərbaycanın daha bir nəhəng tədbirə ev sahibliyi etməsi ölkəmizin urbanizasiyanın yalnız texniki deyil, həm də sülh, bərpa və dayanıqlı gələcək uğrunda mübarizə vasitəsi olduğunu göstərir.

Şəhərsalma Forumunun ölkəmizdə təşkili həm də bir mesajdır: Azərbaycan müharibədən sülhə, dağıntıdan quruculuğa, yoxluqdan həyata doğru gedən yolu, bu yoldakı təcrübəsini dünya ilə bölüşmək, COP29-dakı kimi, daha bir sülh çağırışı etmək istəyir”, - deyə Ü.Zülfiqar əlavə edib.

Seçilən
14
azertag.az

1Mənbələr