BAKI, 31 iyul. TELEQRAF
“Rusiya Ukraynada münaqişə başa çatdıqdan sonra Cənubi Qafqaza diqqətini artıra biləcək”.
Teleqraf xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Neyjmakov deyib.
Ekspert Ermənistan daxilindəki siyasi prosesləri belə şərh edib:
“Müxalifətin gələn il Ermənistanda keçiriləcək seçkilərdə qələbəsi Moskva ilə qarşılıqlı əlaqələrin artmasına səbəb ola bilər. Əgər seçkilərdən sonra Paşinyanın yeni hökuməti formalaşsa, amma parlamentdə indikindən daha az yer alsa, o zaman xarici siyasət təşəbbüslərini sürətlə həyata keçirmək şansları azala bilər. Paşinyanın partiyası parlament seçkilərində mümkün qədər uğurla çıxış edə bilsə və yeni parlamentdə mütləq çoxluğu qoruyub saxlaya bilsə, o zaman ölkənin Qərblə yaxınlaşma və Rusiyadan uzaqlaşma tempi sürətlənəcək, aktiv bir keçid baş verəcək”.
Neyjmakov qeyd edib ki, Ukraynada müharibənin bitməsi məsələsi də Rusiyanın Cənubi Qafqaza diqqətini artırması üçün önəmlidir:
“Rusiya-Ukrayna münaqişəsinin sona çatması ssenarisi də önəmli olacaq. Əsas odur ki, Moskva bundan sonra onun üçün vacib olan digər sahələrdə, o cümlədən Cənubi Qafqazda işləmək üçün lazımi qədər resurs ayıra biləcək. Həmçinin Avropa İttifaqının (Aİ) regionla işləmək üçün hansı imkanları yönəltməyə hazır olacağı bəlli deyil”.
Politoloq əlavə edib ki, Aİ ilə yaxınlaşma Paşinyanın komandasının maraqlarına uyğundur:
“Məsələn, güclü tərəfdarları və ən azı tərəddüd edən auditoriyanın bir hissəsini, xüsusən də parlament seçkiləri öncəsi səfərbər etmək üçün yaxşı mövzudur. Bundan əlavə, Paşinyanın siyasi baxışlarına əsaslansaq, onun üçün Qərb aktorları ilə ümumi dil tapmaq Moskvadan daha asandır. Strateji baxımdan hazırkı baş nazirin komandası gözləyir ki, Avropa İttifaqı ilə yaxınlaşma ən azı əlavə investisiyalara və viza rejiminin liberallaşdırılmasına imkan verəcək. Bununla belə, Brüsselin irəli sürdüyü konkret təkliflər belə bir addımın risklərini üstələməyənə qədər Ermənistanın baş naziri, çətin ki, Avrasiya İqtisadi Birliyi ilə əlaqələri kəssin”.