Azərbaycanda bu ilin yanvar-iyun aylarında həyatın yaşam sığortası üzrə 401 milyon 418 manatdan çox sığorta haqqı yığılıb. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, illik müqayisədə 18,8% və ya 63 milyon 519 min manat çoxdur. Hesablamalarımıza görə, son 1 ildə bu sığorta növü üzrə ödənişlərin məbləği isə 66 milyon 331 min manat və ya 28,6% artaraq 298,1 milyon manata çatıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-iyun aylarında yaşam sığortası üzrə yığımlar 337,9 milyon manata, ödənişlər isə 231,8 milyon manata bərabər olub. Bəs bu artım nədən qaynaqlanır? Kredit həyat sığortasına marağın artmasına səbəb nədir? Hazırda tətbiq olunan yeni qaydalar borcalan və bank üçün hansı üstünlükləri təmin edir?
Mövzu ilə bağlı Moderator.az-a danışan sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov bildirib ki, Azərbaycanda bank sistemi inkişaf mərhələsinə qədəm qoyduğu andan, istehlak kreditləri və bu kreditlərin geri qaytarılmasında yaranan problemlər bir çox hallarda xoşagəlməz fəsadlarla nəticələnir.
Onun sözlərinə görə, insan faktoru olduğu yerdə, aydın məsələdir ki, maddi təlabatlar və bu təlabatların ödənilməsi üçün banklardan istehlak kreditləri götürülməsi faktları günümüzün reallığıdır:
“Kredit götürülürsə,müəyyən müddət ərzində, hissə-hissə geri qaytarılmalı və bank qarşısında olan öhdəlik sıfırlanmalıdır. Təəssüf ki,hər zaman belə olmur və müxtəlif səbəblərdən vətəndaş ödəniş problemləri ilə üz-üzə qalır. Səbəblər isə müxtəlifdir.
Vətəndaşın işini itirməsi, sağlamlığında yaranan problemlər, ən son halda ölüm halının olması ödənişləri mümkünsüz edir. Nəticədə problemli kreditlər anlayışı ortaya çıxır. Bank kreditin geri alınmasında israrlıdır və hüquqi cəhətdən haqlıdır. Vətəndaş ödəniş qabiliyyətli deyil. Çıxış yolu necə olmalıdır? Ailə başçısı kredit götürübsə və həyatını itiribsə, ailə üzvləri məsuliyyət daşıyırmı?
Son illərdə bu kimi səbəblərdən yaranan problemli kreditlərin məbləği milyardlarla manat həcmindədir. Problemli kreditlər öz növbəsində bank sisteminə böyük zərbə vurur və bankların da depozitlər üzrə öz öhdəliklərini yerinə yetirməsini çətinləşdirir”
Ekspert qeyd edib ki, Azərbaycanda problemli bank kreditləri və kredit götürənlərin həyat sığortası ilə bağlı son yeniliklərə görə, Mərkəzi Bank bu sahədə tənzimləyici qaydalara bir daha baxaraq, müəyyən addımlar atdı:
“Nəzərə alsaq ki, son illərdə istehlak kreditlərinin həcmi artdıqca, ödəmə qabiliyyəti zəif olan borcalanların sayı həddsiz artıb. Bu səbəbdən Mərkəzi Bank kredit risklərinin idarə edilməsi üçün yeni qaydaları tətbiq etməli idi.
Beləliklə kredit götürənlərin həyat sığortasının tətbiqi və vətəndaşlara təklif edilməsi barədə Mərkəzi Bankın göstərişi, bank sektoru tərəfindən məmnuniyyətlə qarşılandı. Bu sığorta məhsulu hansı dəyişiklikləri ortaya çıxartdı və vətəndaşlar üçün nə kimi əhəmiyyətə malik oldu? Yeni qaydalara əsasən, istehlak krediti götürən şəxslər üçün həyat sığortası məcburi hala gətirilib. Sığorta məbləği, borcalanların kredit təşkilatları qarşısında olan faktiki borc məbləği həddində müəyyən edilir.Əlilliyi olan şəxslərin sığorta müqaviləsi bağlaması ilə bağlı maneələr aradan qaldırılır. Sığorta təminatının müddəti, kreditin qalan müddətinə bərabər olur.
Qısa sözlə desək, vətəndaşların kredit müraciətinə banklar tərəfindən imtina verilməsinin qarşısı alınır. Bu dəyişikliklər borcalanların maliyyə təhlukəsizliyini artırmağa və bank sektorunda riskləri daha effektiv idarə etməyə şərait yaradır”.
Ş.İsmayılov həyat sığortası üçün tələb olunan sığorta haqqının olduqca əlçatan olduğunu vurğulayıb:
“Həyat sığortasını əldə etmək üçün vətəndaş hər hansı bir sığorta şirkətinə müraciət etmir və müqavilə birbaşa bank ofisində, kredit müqaviləsi bağlanarkən təqdim olunur. Vətəndaş götürdüyü kreditə görə bir çox problemlərdən azad olur. Banklar qarşısında öhdəlik ığsorta şirkətlərinin üzərinə düşür. Ölüm halı, əmək qabiliyyətinin qismən və yaxud tam itirilməsi halında götürülmüş kreditin qalıq hissəsi sığorta şirkətləri tərəfindən qarşılanır. Sığorta ödənişi borcalanın ailəsini gələcək maliyyə maliyyə problemlərindən qoruyur. Bəzi banklar kredit həyat sığortasını məcburi tələb kimi qoyur, digərləri isə müştərinin seçiminə buraxır. Sığorta haqqı kreditin məbləğinə , müddətinə və borcalanın yaşına görə dəyişir. Bu sığorta növü kredit götürənlər üçün maliyyə təhlikəsizliyini artıran və riskləri azaldan vacib bir mexanizmdir”.
Mehin Mehmanqızı